Türkiyəli tələbələrdən biri imtahana “şortik”lə gəlib.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Qafqazinfo BDU-nun Mətbuat Xidmətinin rəhbəri Pərvanə İbrahimova ilə əlaqə saxlayıb.
P.İbrahimova bildirib ki, Bakı Dövlət Universitetində geyimlərlə bağlı hər hansı qadağa yoxdur. Geyimə görə heç bir tələbə imtahandan xaric edilməyib.
Azxeber.com məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsi ilə əlaqə saxlayıb. Universitetdən verilən məlumata görə, hazırda belə bir qayda tətbiq olunmayıb:
“Universitetdə tələbələrin davranış qaydaları ilə bağlı ümumi cədvəl hazırlanır. Ancaq bu proses hələ başa çatmayıb. Sizin sualınıza cavab olaraq onu deyə bilərəm ki, universitetdə geyimlə bağlı tələbələr üzərinə ümumi qaydalar qoyulmayıb.
Universitetdən həmçinin o da bildirilib ki, türkiyəli tələbələrdən biri imtahana “şortik”lə gəlib:
“Dünən türkiyəli tələbələrdən biri “şortik”lə universitetə daxil olmaq istəyərkən təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən ona bu geyimdə universitetə gəlməməsi ilə bağlı xəbərdarlıq edilib. Bundan başqa ona hansısa bir cəza tətbiq edilməyib”.
15:07
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) oğlan tələbələrə geyimlə bağlı yeni qadağa tətbiq olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Qaynar.info-ya tələbələr məlumat verib.
Onların sözlərinə görə, universitetdə oğlanlara “səndəl”, “şәpit” vә ya “şortik” geyinmәyә icazә verilmir.
Tələbələr bildirirlər ki, oğlanlardan fərqli olaraq qızlara belə bir qadağa tətbiq olunmayıb. Ümumiyyətlə, sərbəst idman geyiminə görə oğlan tələbələrin universitetə buraxılmaması tapşırılıb. Bunu da “qanun”la əlaqələndirirlər, lakin hansı qanuna istinad edildiyi məlum deyil.
Məlumata görə, eyni qadağa Bakı Dövlət Universitetində (BDU) də tətbiq olunub. Belə ki, adının çəkilməsini istəməyən bir tələbə “səndəl”də olduğuna görə dekan tərəfindən çıxarıldığını, başqa bir tələbənin isə dizdən olan “şortik” geyindiyinə görə imtahana buraxılmadığını bildirib.
Məsələ ilə bağlı adıçəkilən təhsil ocaqlarının da mövqeyini dərc etməyə hazırıq.