Dünən axşam Sabunçu rayon Məhkəməsinin Bakıxanov qəsəbəsində yerləşən binasının qarşısında bu il saxlanılmış ilahiyyatçı Taleh Bağırovun tərəfdarları hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmaya gediblər.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Sabunçu rayon 13-cü polis bölməsindən bildiriblər.
Məlumata görə, binaya Penitensiar xidmətin maşını yaxınlaşıb və maşından istintaq altında olan Taleh Bağırovla bir neçə digər saxlanılmış şəxslər düşürülüb.
Bu zaman Bağırovun məhkəmə binasının qarşısında toplaşmış 300-ə yaxın tərəfdarşı “Allahu Əkbər!” qışqıraraq, Penitensiar xidmətin əməkdaşlarına saxlanılmış şəxsləri məhkəmə zalına aparmağa mane olmaq üçün polisləri sıxışdırmağa başlayıblar.
Sonra mülki şəxslər və polis əməkdaşları arasında toqquşmalar başlayıb, bu zaman dörd polis əməkdaşı yüngül dərəcəli bədən xəsarətləri alıblar.
Bundan başqa, iğtişaş törədən daha 20 nəfər – dini icmanın nümayəndələri saxlanılıblar. Onların barəsində AR CM-in 315-ci maddəsi ilə (dövlət nümayəndələrinə müqavimət göstərmək) cinayət işi qaldırılıb.
Xatırladaq ki, Taleh Bağırov və onun sürücüsü bu ilin martında, “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılıblar. O, narkotik maddə - heroin saxlamaqda ittiham olunur.