Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda avtobusda insident: Sürücü işdən çıxarıldı - ANBAAN VİDEO
"BakuBus" MMC-nin istismarında olan 149 nömrəli müntəzəm marşrut xəttinin sürücüsü işdən azad edilib".
Bunu Oxu.Az-a açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva deyib.
O bildirib ki, sözügedən hadisə ötən gün, saat 21:30-da, "BakuBus" MMC-nin istismarında olan 149 nömrəli müntəzəm marşrut xəttində baş verib.
"Hadisə ilə bağlı aparılmış araşdırma zamanı videomüşahidə görüntülərindən müəyyən olunub ki, sürücü Xəyalət Azad oğlu Rəcəbov tərəfindən qaydalar kobud şəkildə pozulub. Bu səbəbdən, əmək qanunvericiliyinə uyğun olaraq sürücünün işdən azad edilməsi barədə qərar qəbul edilib.
Baş vermiş hadisəyə görə sərnişinlərdən üzr istəyirik.
Sərnişinlərimizə müraciət edərək bu kimi neqativ hallarla qarşılaşdıqları zaman bizə məlumat vermələrini xahiş edirik", - deyə açıqlamada bildirilir.
Bakıda 149 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda sürücü ilə sərnişin arasında gərginlik yaşanıb.
Oxu.Az xəbər verir ki, hadisənin videosu sosial şəbəkələrdə yayılaraq böyük müzakirələrə səbəb olub.
Məlumata görə, mübahisə zamanı sərnişinlərin müdaxiləsi nəticəsində vəziyyət nəzarətə götürülüb. Lakin bu, 149 nömrəli avtobus sürücülərinin ümumi davranış problemlərini bir daha gündəmə gətirib. Belə ki, sərnişinlər tez-tez həmin xətt üzrə işləyən sürücülərin kobud rəftarı, təhlükəsizlik qaydalarına etinasızlığı barədə şikayətlənirlər.
Qeyd edək ki, yanvarın 4-də 149 nömrəli marşrut avtobusunun sürücüsü Bakı-Qazax magistral yolunun 24-cü kilometrliyində avtobusu yol kənarında dayanan TIR-a çırpmış, hadisə nəticəsində bir nəfər ölmüş, iki nəfər müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunmuşdu.
Məsələ ilə bağlı "BakuBus" MMC-yə sorğu verilib.
Əzizə İsmayılova
Rəylər