Paytaxt ərazisində fəaliyyət göstərən taksi sürücüsünün bu təşəbbüsü hamını təəccübləndirib.
Oxu.Az xəbər verir ki, Cəmaləddin Qaracayev adlı taksi sürücüsü taksiyə maraqlı elan yerləşdirib.
Taksi sürücüsünün idarə etdiyi avtomobilin üzərinə vurulan elanda qeyd olunub ki, hamilə və 1 yaşına qədər uşaqlı valideynlərə taksidə gediş haqqı pulsuzdur.
Cəmaləddin Qaracayev bu hərəkəti ilə bağlı açıqlama da verib:
“Hamı mənə dəli, xəstə kimi baxır, amma yox, mən elə deyiləm. Mənim üçün puldan daha önəmli olan, insanlara hörmət eləmək, onları çətin anda başa düşməkdir. Ona görə də hamilə və 1 yaşından kiçik uşağı olan qadınları taksimdə pulsuz aparıram. Hətta mənə imkansız bir vətəndaş yaxınlaşıb pulsuz harasa getmək istəsə canla-başla kömək edərəm. Bəlkə, nə vaxtsa mənim də nəvələrimə bu yaxşılıq qayıdar. Bu, mənim seçimimdir!”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan bu foto geniş müzakirələrə səbəb olub.
