Məcburi köçkünlərin Bakıda müxtəlif boş evlərə daxil olmasına rəsmi icazə verilmişdi. Qərara görə köçkünlər yerləşdirilməyənə qədər, mənzildən çıxarıla bilməzlər.
İndi 20 ildən artıqdır ki, həmin mənzillərin əsl sahibləri ya evsizdirlər, ən yaxşı halda kirayələrdə qalırlar. Belə şəxslərdən biri, bu gün növbəti dəfə mənzilini geri tələb edən zaman köçkün ailəsinin təzyiqinə, hətta silahlı hücumuna məruz qalıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, 45 ildirki orta məktəbdə müəllim işləyən Qulam Müseyibov ömrünün 20 ilini kirayələrdə keçirib. Problemin tarixi belədir. Mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə, Qulam müəllim 1993 cü ildə dövlət tərəfindən Yasamal rayonu ərazisində 3 otaqlı ev verilib. Köçmək istəyəndə görüb ki, evində yaşayış var. Məcburi köçkünlər mənzili zəbt etdiyindən 70 yaşlı pedaqoq 9 nəfərlik ailə üzvü ilə birgə Ələt qəsəbəsində kirayədə qalmalı olur.
Ağsaqqal deyirki, neçə illər darısqal mənzildə əziyyət çəkmişəm. İndi də kirayələrdə yaşamaq məni təngə gətirib. Öz halal evimdə niyə yaşamayım?!
Bu illər ərzində o, boş dayanmayıb. Dəfələrlə aidiyyati üzrə müxtəlif qurumlara şikayət edib. Əlində məhkəmə qərarı da var. Amma qərar icra olunmur.
Ağsaqqalın iddiasına aydınlıq gətirmək üçün üz tutduq sözü gedən ünvana. Evi zəbt edən məcburi köçkün Zakir Nəsibov 20 il pulsuz məskunlaşdığı evin sahibinə təşəkkür etmək əvəzinə bıçağa əl atdi. Soyuq silahla hədə-qorxu gələn məcburi köçkün deyir ki ev mənimdi, çıxmaram vəssalam. Məcburi köçkünün köməyinə digər qonşular da gəldi. Birləşib hamılıqla Qulam Müseyibovun üstünə hücum çəkdilər. Belə görünür ki ağsaqqala evini geri qaytarmaq heç də asan başa gəlməyəcək.
Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsindən isə cavab həmişəki kimi oldu. Məcburi köçkünlərin zəbt etdikləri mənzillər yaxın gələcəkdə boşaldılacaq. Yaxın gələcəyin neçə il çəkəcəyi isə heç kimə məlum deyil. İndiki halda isə qanuna görə hər hansı bir evi zəbt edən məcburi köçkünə digər bir mənzildə yerləşdirilmədən çıxarılmağa icazə verilmir.