Bakıda, Abbas Mirzə Şərifzadə küçəsində, piyada keçidi və avtobus dayanacaq məntəqəsi eyni nöqtədə yerləşir.
Oxu.Az bildirir ki, bu barədə sosial şəbəkə istifadəçisi paylaşım edib. O qeyd edib ki, hər dəfə maşınla keçəndə piyadalara yol verir, sonra görür ki, sən demə, avtobus gözləyirlərmiş. Onun sözlərinə görə, keçiddə daha bir problem - maşınların zolağa yaxın məsafədə park edilməsidir.
Bəs əslində, necə olmalıdır? Avtobus dayanacağı piyada zolağı ilə eyni nöqtədə kəsişə bilərmi, yoxsa aralarında müəyyən məsafə olmalıdır?
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Oxu.Az-ın suallarına cavab olaraq bildirib ki, dayanacaqla piyada zolağı eyni nöqtədə yerləşə bilməz.
“Arada məsafə olmalıdır. Bu, yoldakı həllərdən asılıdır. Tutaq ki, “cib” tipli olursa, dayanacaqla piyada keçidi arasında beş metr məsafə olmalıdır. Qarşıda dayanacaq varsa, piyada zolağı (zebra) birbaşa ona doğru olmamalıdır. Çünki bu, həm yolu keçən, həm avtobusa minib-düşən sərnişinlər üçün diskomfort yaradır. Bu səbəbdən məsafə olmalıdır.
Ümumi olaraq, “cib”lərə də qarşıyam. Hesab edirəm ki, “anticib”lərin qurulması daha məqsədəuyğun olar. Bu zaman həm avtobusların yan alması, həm sərnişinlərin rahat düşməsi təmin edilər”.
Piyada zolaqlarına gəlincə, ekspertin fikrincə, iki zolaqdan artıq olan küçələrimizdə təhlükəsizlik adacıqlarının qurulmasına ehtiyac var.
R.Ağamirzəyev onu da diqqətə çatdırıb ki, yolda hərəkətin nizamlanması ilə bağlı uğurlu nümunə artıq Bakıda var. Eyni nümunənin bütün küçə və prospektlərimizdə olması yaxşı olar:
“Məsələn, bu istiqamətdə son beş ildə ən uğurlu layihə Bakının Həsən Əliyev küçəsində həyata keçirilib. Burada həm mobilliyi az olan insanlar nəzərə alınıb, təhlükəsizlik adacığında panduslar qurulub, hərəkət işıqforla nizamlanır. Dayanacaq isə piyada zolağından beş metr irəlidədir. Düşünürəm ki, bütün geniş küçə və prospektlərimizdə hərəkət bu cür təşkil olunmalıdır”.
Əzizə İsmayılova
Rəylər