Son illər Azərbaycanda, xüsusilə də paytaxt Bakıda atmosferə atılan tullantıların içərisində avtomobillərin payı artıb.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı müşahidələr göstərib ki, əgər əvvəllər atmosferi daha çox sənaye müəssisələri çirkləndirirdisə, indi bu avtomobillərin üzərinə düşür.
Bu isə ilk növbədə maşınların sayının artması ilə bağlıdır. 2007-ci ildən bəri ölkədə təkcə minik avtomobillərinin sayı az qala 2 dəfə artıb. Hazırda, ölkədəki 1 milyondan çox minik avtomobilinin yarıdan çoxu paytaxtın payına düşür. Bundan bizim payımıza düşən isə müxtəlif xəstəliklər və gələcək nəslin genefondunun məhv olmasıdır.
Benzinin keyfiyyətinə təsir edən amillər onun tərkibində müxtəlif qatışıqların olmaması, tullantısız texnologiyalarla istehsal olunmasıdır. Avropada artıq Avro-6 standartı tətbiq olunduğu bir vaxtda ölkəmiz hələ gələn il Avro-3 standartının tətbiqinə hazırlaşır. Avro-4 və 5-in qəbulu üçün isə yeni emal zavodlarının tikilməsi gözlənilir.
Ekoloqlardan fərqli olaraq, yol polisi problemin səbəbini daha çox benzində yox, texniki vəziyyətdə görür.
Buna gündəlik nəzarətin mümkün olmadığını deyən, yol polisinin rəsmisi Kamran Əliyev bildirir ki, bu ildə bir dəfə texniki baxış vasitəsilə edilir, həmçinin şəhərin girişindəki ekoloji nəzarət bölüyünün əməkdaşları da nəzərə çarpacaq səviyyədə his və tüstü xaric edən avtomobilləri saxlayıb, cəzalandıra bilər. Ətraf mühiti çirkləndirməyə görə, 150 manat cərimədən başqa, hətta avtomobil istismardan çıxarıla bilər.
“Bunu aradan qaldırmaq o qədər çətin bir şey deyil. Sürücülər özləri tez-tez texniki baxışdan keçməlidirlər”.
Tullantıların sağlamlığımıza zərəri isə danılmazdır.
Təsadüfi deyil ki, son 5 ildə Azərbaycanda tənəffüs yollarının xəstəliklərinə yoluxan insanların sayı durmadan artır. Bu xəstəliklər sonradan sağalmaz vərəmə, xərçəngə çevrilir.