2013-2014-cü tədris ili üçün Azərbaycanın orta məktəblərinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üçün imtahanlar iyulun 25-dən avqustun 7-dək keçiriləcək.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.
Qədirovun sözlərinə görə, iyulun 16-20-də işə qəbul üzrə qeydiyyatdan keçmiş ərizələrin təsdiqlənməsi prosesi aparılacaq, iyulun 21-23-də isə imtahan qrupları formalaşdırılacaq.
O bildirib ki, hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə test imtahanının vaxtı və yeri barədə məlumat göndəriləcək.
Azərbaycan təhsil nazirinin “2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” əmrinə uyğun olaraq, iyulun 1-dən elektron ərizələrin qəbuluna başlanılıb. İyulun 15-də müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu prosesi başa çatıb.
Bu müddətdə ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 3286 vakant yerə 18 782 nəfər ərizə verib.
Ötən il isə 3270 vakant yerə 16 195 nəfər müraciət etmişdi. Bu il ərizəçilər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, ilngilis dili və riyaziyyat ixtisaslarını seçənlərin sayı daha çox olub. Belə ki, Bakıda yerləşən bəzi məktəblər üzrə ibtidai sinif müəllimi yerinə 1000-dən artıq müraciət qeydə alınıb.