Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və “YARAT” Müasir İncəsənət Məkanı “Tullantıdan incəsənətə” adlı müştərək layihəni həyata keçirmişlər.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, layihə çərçivəsində Bakı şəhərində istifadə olunmuş 3000-dən çox plastik butulka toplanaraq paytaxtın Səməd Vurğun küçəsində Yeni İl ərəfəsində dekorativ şam ağacı hazırlanmış və həmin incəsənət nümunəsi dekabrın 16-da təqdim edilmişdir.
Bu dekorativ şam ağacını tullantılardan incəsənət nümunələri yaratmaqla dünyada məşhurlaşan, ABŞ, Şotlandiya, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və digər ölkələrdə keçirilən sərgilərdə əl işləri böyük marağa səbəb olan ingilis mütəxəssisləri - Nikolas Bleyk Sayers və Qlendon Maykl Keysi qurmuşlar.
Layihədə xeyli sayda könüllülər də iştirak etmişlər. Hündürlüyü 7, diametri 4,2 metr olan sənət nümunəsi Yeni İl ərəfəsində meşə və parklarda əkilmiş şam ağaclarını kəsmədən, ətraf mühitə zərər vermədən, alternativ yollardan istifadə etməklə süni şam ağacları əldə etməyin mümkünlüyünü göstərir. Bu dekorativ ağacın ərsəyə gəlməsində istifadə edilmiş butulkalar “Pepsi Azərbaycan” şirkəti tərəfindən toplanılmışdır.