Avtomobilsevərlərin aylardır səbirsizliklə gözlədiyi "Tokyo Drift Azərbaycan" tədbiri nəhayət baş tutub. Səməd Vurğun küçəsindəki qapalı dayanacaq ərazisində reallaşan layihə paytaxt sakinlərinə və şəhərin qonaqlarına unudulmaz anlar yaşadıb.
Oxu.Az xəbər verir ki, tədbir gözlənildiyindən də böyük maraq və ajiotajla qarşılanıb. Bakının mərkəzində qurulan xüsusi işıqlandırma effektləri, musiqi, güclü mühərriklərin səsi və modifikasiya olunmuş eksklüziv idman avtomobilləri iştirakçılara özlərini sanki Tokionun yeraltı gecə həyatında və Yaponiyanın meqapolisindəki kimi hiss etdirib.
Tədbirin ən həyəcanlı hissəsi - saat 20:00-da başlayan əsas drift şou isə tribunalarda coşqunu pik nöqtəyə çatdırıb. Peşəkar pilotların nümayiş etdirdikləri kəskin dönüşlər, təkərlərin asfalta buraxdığı duman izləyiciləri heyrətləndirməyi bacarıb. Hər kəsin böyük marağına səbəb olan bu şounun ardınca, saat 21:00-da gecənin enerjisi ritmik və coşqulu "After Party" ilə davam etdirilib.
Qeyd edək ki, Oxu.Az respublikada ilin ən dinamik və ən çox gözlənilən bu avtomobil layihəsinin rəsmi media tərəfdaşıdır.