Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

28 May qəsəbəsində evlərə dolan suyun çəkilməsinə başlandı
Abşeron rayonu, 28 May qəsəbəsində evləri basan suyun çəkilməsi, Daşagil gölünün səviyyəsinin aşağı salınması ilə bağlı işlər görülür.
Bu barədə Abşeron Rayon İcra Hakimiyyətindən Oxu.Az-a məlumat verilib.
"Qeyd olunan ərazidə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Ona görə də ərazidə yerləşən Daşagil gölünün ətrafında məskunlaşmış sakinlər kanalizasiya sularını bu gölə axıdırlar. Xüsusilə vurğulamaq yerinə düşər ki, Daşagil gölünə nəinki Aşağı Güzdək qəsəbəsinin, o cümlədən qonşu rayonların kənd və yaşayış massivlərindən də kanalizasiya xətləri axır. Son günlər yağışlı və küləkli hava şəraitinin hökm sürməsi səbəbindən adıçəkilən gölün su səviyyəsi normadan artıq qalxıb.
Qeyd edək ki, martın 19-dan etibarən Abşeron Rayon İcra Hakimiyyətinin, Aşağı Güzdək və Hökməli bələdiyyələrinin və Su Ehtiyatları Agentliyinin yerli qurumlarının əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, daşqının nəticələrinin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülüb, mövcud nasosxana təmizlənilib, əlavə su nasosları quraşdırılıb. Hazırda həyətlərdən suyun çəkilməsi, gölün səviyyəsinin aşağı salınması ilə bağlı işlər görülür", - deyə məlumatda qeyd olunub.
Abşeron rayonu, 28 May qəsəbəsində evləri su basıb.
Oxu.Az xəbər verir ki, buna səbəb yaxınlıqdakı Daşagil gölünün daşması olub.
Sakinlərin sözlərinə görə, əvvəllər göldən su tez-tez çəkilirdi, hazırda çəkilmədiyinə görə Novruz bayramı ərəfəsində daşaraq yaşayış sahələrinə dolub. Onlar Fövqəladə Hallar Nazirliyindən kömək gözlədiklərini bildiriblər.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mövcud qanunvericiliyə, o cümlədən "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə əsasən, göstərilən məsələ FHN-in deyil, yerli icra hakimiyyət strukturları, o cümlədən su-kanalizasiya təchizatı qurumlarının vəzifələrinə aiddir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-a verilən məlumata görə, qeyd olunan ərazidə sözügedən qurumun mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil:
"Bu səbəblə ərazidə formalaşan tullantı suları Abşeron rayonunda Daşagil gölündə suyun səviyyəsinin artmasına səbəb olur. Xidmət tərəfindən göldə suyun səviyyəsinin tənzimlənməsi məqsədilə nasoslar quraşdırılır, bu da suların ətrafa daşmasının qarşısını almaq məqsədi daşıyır. Bu işlər dəfələrlə görülüb, amma problemin köklü şəkildə həlli üçün mərkəzləşmiş şəbəkə qurulmalıdır. Bunun üçün isə sakinlər qaydalara uyğun olaraq tələb edilən sənədlərə malik olmalıdırlar.
Xüsusilə diqqətə çatdıraq ki, fevral ayından su və kanalizasiya təchizatına qoşulmaq üçün yeni qaydalar tətbiq edilir. Bu qaydalara uyğun olaraq, təchizat sisteminə qoşulmaq istəyən vətəndaşlar müvafiq sənədlərlə (qaydalarda öz əksini tapan) "ASAN xidmət", "ASAN kommunal" mərkəzlərinə müraciət etməlidirlər.
Su və kanalizasiya təchizatına qoşulmaq üçün tətbiq edilən yeni qaydalarla xidmətin hazırladığı videoçarx vasitəsilə tanış ola bilərsiniz".
Aygün Mirakif