Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sözügedən hadisə səbəbi ilə beş nəfər (kişi) sentyabrın 22-də saat 18:00-da Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, hadisə Beyləqan rayonunun Sarısu qəsəbəsi ərazisində baş verib. Xəsarət alanların İran İslam Respublikasının vətəndaşları olduğu bildirilib.