Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"də dəyişiklik edilib. Baş nazir Əli Əsədovun imzaladığı qərarda yer alan dəyişikliyə əsasən, "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 3 nömrəli cədvəli - "Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər"in "Təlim (xidmət) üçün seçilən hərbi qulluqçular, bəzi hərbi uçot ixtisasları üzrə təlim üçün seçilən və hərbi xidmət keçən hərbi qulluqçular" "c" yarımbəndinin "Dərin sularda işləyən dalğıc, akvanavt, komando təməl və komando ixtisas (snayper, paraşütdən tullanma, axtarış-xilasetmə, minaaxtaran və s.) göndərilən hərbi qulluqçular" sütununun "Boy (sm-lə)" sətrinin 17-ci qrafasında "170" rəqəmi "160" ilə əvəz edilib.
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu dəyişiklik genişlənməkdə olan güc strukturlarının tərkibinə daha çox və uyğun vətəndaşların cəlb edilməsi ilə bağlıdır:

"Çünki elə sahələr var ki, orada hərbi qulluqçunun ucaboylu olması bəzən problemlər yarada bilir. Məsələn, tankı idarə edən sürücünün və ya digər heyət üzvünün çəkili, uzun boya malik olması onun texnikaya çevik daxil olmasına, vəzifəsini icra etməsinə maneələr yaradır. Bu, eynilə dalğıclara da aiddir. Bir atıcının uca və ya qısaboylu olması əhəmiyyətli deyil. Snayper kifayət qədər səbirli, gözdən iti, dəqiq atəş qabiliyyətinə malik bir şəxs olmalıdır. Onun boyunun uca və ya qısa olmasının döyüş əməliyyatında və ya təlimlərdə yerinə yetirilən vəzifələrə heç bir təsiri yoxdur.
Amma bəzi ixtisaslar var ki, orada şəxsi heyətin uca boya malik olması həmin sahədə xidmət etmək istəyən heyətin qəbulunu məhdudlaşdırır. Dəyişiklik də həmin məhdudiyyətlərin aradan qaldırılması, daha çox vətəndaşın arzu etdiyi sahələrdə xidməti ilə birbaşa əlaqəlidir".
Bəs boy həddinin endirilməsi həm də ölkədə qısaboyluların artması ilə bağlı ola bilərmi?
Onurğa problemlərinin müalicəsi ilə məşğul olan həkim-terapevt Zaur Əliyev Oxu.Az-ın suallarına cavab olaraq qeyd edib ki, son dövrlərdə ölkədə insanlar arasında cılızlaşma gedir:

"Buna da səbəb, əsasən, yediyimiz qidalardır. Hormonal tərkibli qidalar və içkilər boy artımına da təsir edir. Sözügedən sahədə boy həddinin endirilməsi yaxşıdır. Çünki ölkədə ucaboylu insanlar artıq çox azdır.
Boy həm də genetikadan - nəsildə ucaboylu insanın olub-olmamasından asılıdır. Digər halda da qidaların boy artımında böyük rolu var".
Həkimin sözlərinə görə, heç bir azərbaycanlı onurğasına qulluq etmir:
"Qulluq edilmədikdə də boy artımı olmur. Uşaq vaxtı, 12 yaşdan 16 yaşa qədər boy artımı olur. Bu dövrlərdə müayinələrin edilməsi yaxşı olar. Çünki onurğada əyrilik və ya fəqərə burulmaları səbəbindən inkişaf dayana bilir. Buna görə də sözügedən problemlər olduqda vaxtında üzərinə düşüb aradan qaldırmaq lazımdır. Daha sonra üzgüçülük və idmanın başqa bəzi sahələri ilə məşğul olmaq boy artımına səbəb olur.
Həmçinin uşaqlar qazlı, enerji içkilərini, eləcə də qəhvə içməsələr, qığırdaq vaxtından tez bərkiməz. Bu içkiləri çox içən uşaqlarda erkən yaşda qığırdaq bərkiyir, boy artımı da dayanır. İndiki uşaqların isə hamısı bu içkiləri içir, bu da onları inkişafdan saxlayır".
Aygün Mirakif