Bir sıra rayonlara leysan yağıb, Girdimançaydan sel keçir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Xidmətin iyunun 7-si saat 00:00-a olan məlumatına əsasən Naxçıvan, Şahbuz, Daşkəsən, Yevlax, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Ağstafa, Ceyrançöl, Tovuz, Balakən, Ağsu, Qəbələ, Şəki, Şahdağ, Oğuz, Quba, Şabran, Altıağac, Xaltan, Qusar, Qırız, İsmayıllı və Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
İsmayıllı rayonunun yüksək dağlıq ərazisindəki Lahıc, Ərəgit, yuxarı Cülyan, Daxar, Yuxarı Zərnava, Qaraqaya kəndlərinə yağan leysan yağış nəticəsində hazırda Girdimançaydan sel keçir.
İyunun 6-da, saat 23:30 radələrində Zaqatala rayonuna xırda dənəli dolu düşüb.
“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar əhalini bir daha ehtiyatlı olmağa çağırırıq”, - Xidmətdən bildirilib.
23:49
Bu gün axşam saatlarında yağan güclü leysan xarakterli yağışdan sonra İsmayıllı-Lahıc yolu bağlanıb.
AZƏRTAC xəbər verir ki, sel səbəbindən avtomobil yolunun hərəkət hissəsi lil qatı və daşlarla örtülüb.
Sel suları qəsəbəyə və ətraf kəndlərə gedən qaz xətlərini zədələyib, elektrik dirəklərini aşırıb. Hazırda Lahıca elektrik enerjisi və qazın verilişi dayandırılıb.
Eyni zamanda, sel suları Yuxarı Zərnava kəndində gedən yolu da keçilməz edib. Paralel olaraq rayon ərazisindən keçən Girdiman çayının suyunda da artım müşahidə olunur.