Xəzər dənizində boğulma hadisəsi baş verib. Hadisə paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Quba rayon sakini, 21 yaşlı Niyaz Pirməmmədov dostları ilə dənizdə çimərkən suda boğularaq həyatını itirib. Digər üç nəfər isə sudan çıxarılaraq xilas edilib.
Kənd sakinlərindən biri hadisə ilə bağlı Baku TV-yə açıqlama verib.
"Xəbər həm bizim, həm də bütün kənd üçün çox üzücü oldu. N.Pirməmmədov yüksək bal toplayaraq ali məktəbə qəbul olunmuş savadlı, sakit bir gənc idi. Onlar dörd dost olublar. Niyaz suda batmağa başlayanda digər üç nəfər ona kömək etmək istəyib və nəticədə hamısı təhlükə ilə üzləşib. Digər üç nəfəri xilas etmək mümkün olub. Hazırda onlar müxtəlif xəstəxanalarda müalicə olunurlar. Amma təəssüf ki, bu gənc tələbəni xilas etmək mümkün olmayıb", - o söyləyib.
Bilgəh qəsəbəsində dənizdə boğularaq həyatını itirən 21 yaşlı gəncin Bakı Mühəndislik Universitetinin tələbəsi olduğu üzə çıxıb.
Oxu.Az xəbər verir ki, avqustun 2-də baş vermiş faciə nəticəsində həyatını itirən Niyaz Pirməmmədov Mühəndislik fakültəsinin "Elektrik və elektronika mühəndisliyi" ixtisasının II kurs tələbəsi olub.
Niyaz Pirməmmədovun cəsədi dalğıclar tərəfindən tapılaraq, ailəsinə təhvil verilib.