Kubra Məhərrəmova yazır...
Yenə sosial şəbəkələrdə dalğalanma var. Buna səbəb boşanma rəqəmlərinin ortaya çıxması oldu.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk beş ayı ərzində 17 448 nikah və 8795 boşanma halları qeydə alınıb. Beş ayın statistikasına baxsaq, bu hər günə ortalama 58 boşanma rəqəmi verir.
Maraqlıdır ki, cəmiyyət bundan təşvişə düşüb.
Hamı da qınayır ki, niyə boşanır bu cütlüklər?
Ümumiyyətlə cəmiyyət qınamaqda, qısnamaqda həmişə birincidir.
Amma problemin kökünə enib, onu analiz etmək istəmir. Təki dedi-qodu olsun, təki müzakirə olsun.
Təki günahlandırma olsun.
Elə rəqəmlərin göstərilməsi fonunda bəziləri düşünürlər ki, buna səbəb kişilərin ailədə hakimiyyəti qadınların əlinə verməsidir. Kişinin hörməti yoxdur deyə, boşanmalar baş alıb gedir.
Bəziləri deyirlər ki, qadınlar (yəni arvadlar) kişilərə hörmət qoymur, zəng-zəng dalınca onları izləyir, "Hara getdin?", "Kiminlə getdin?" kimi suallarla narahat edir. Sonunda da kişinin həm cəmiyyətdə, həm də ailədə çəkisi qalmır.
Bəziləri isə çıxış yolunu (boşanma sayının azalmasını) boşanan adamlara dövlət tərəfindən cərimələrin kəsilməsində görür. Yəni boşanmaq istəyirsənsə, bu qədər cərimə ödə. Sanki sürət həddini aşmısan, avtomobil cərimə meydançasına gedir, sən də cəriməni ödəyirsən.
Absurd düşüncədir əlbəttə. Biz bütün fikir və düşüncələrə hörmətlə yanaşsaq da, bildirməliyik ki, bütün bu deyilənlər insanların haqq və hüquqlarının pozulması deməkdir.
Yəni yaşından, başından, sosial səviyyəsindən asılı olmayaraq heç kim heç kimlə zorla nikahı davam etdirməyə məcbur edə bilməz. Və bu prosesə süni əngəl yaradaraq, cərimə və digər pul məbləğlərinin ödənilməsi kimi absurd addımların atılması da, qanunaziddir. Nəzərə alın ki, qul və köləlik çoxdan aradan qalxıb. Kimisə istismar etmək (fiziki, psixoloji, intim) insan alveri hesab olunur və qanunla cinayətdir.
Hadisənin digər tərəfində isə bu qəbildən olan kişiləri dəstəkləyən qadınları da görürük. Onların fikrincə, qadın ərinin ayağını yumalı, corabını geyindirməlidir. Və sosial şəbəkələrdə yazılan rəylərdən məlum olur ki, bu düşüncəni kifayət qədər kişi və qadınlar dəstəkləyir.
Bunu etdiyini etiraf edən qadınlar da həmçinin düşünür ki, möhkəm ailə institutunun əsasını kişinin ayağını yumaq ritualı təşkil edir.
Maraqlıdır, görəsən bu ritual həftədə neçə dəfə keçirilməlidir ki, effektiv nəticə versin. Bu barədə müxtəlif səpkili fikirlər səslənsə də, hələ ki, bu barədə yekdil fikir yoxdur.
Ümid edirəm ki, ritual zamanı suyun temperaturu, dəsmalın ölçüləri kimi paramertlər peşəkarlar tərəfindən müəyyənləşər və ümumi standartlar qəbul olunar.
Nə də olmasa bu işdə cəmiyyətimiz zirəkdir. Heç şübhə etmirəm ki, elə günü bu gün standartlar müəyyən olunsa, sabah ölkənin bütün dükanlarında al-qırmızı, topazlı-saçaqlı ayaq dəsmalları satışa çıxarılar və satış üzrə rekord qırar.
İroniya və sarkazmı kənara qoysaq, başqa həqiqəti görərik.
İnsanların bəziləri qayğı və sevgini itaətdə və mütləq mütilikdə görür və bunu təbliğ edirlər. Onların qaydalarına uymayan kəslər isə onlar üçün əxlaqsız, tərbiyəsiz və özünə hörmət etməyənlərdir.
Təəssüflər olsun ki, dünya bir başqa tərəfə getdiyi halda, biz görünür ibtidai icma quruluşuna qayıdırıq.
Hələ də cəmiyyətin ən çox müzakirə etdiyi mövzularda biri "nişanını qaytaran qız", "boşanmış qadın" və s.
Hələ də tanınmışlardan kiminsə boşanma xəbərini alanda çoxları "kişilər boşanmır, boşayır", "yaxşı kişi arvadını boşamaz" kimi fikirləri tirajlayırlar.
Təbii ki, sosial şəbəkələr hər bir cəmiyyətin siması, üzü və güzgüsüdür. Ona görə də cəmiyyətin özünü ifadə etməsinə mane ola bilmərik. Sadəcə təəssüflənə bilərik.
Nəzərinizə çatdırım ki, yaxın qonşularımız Türkiyə və Rusiyada boşanmaların sayı artmaqda, nikahların sayı isə azalmaqdadır. Əslində qloballaşan dünyada da rəqəmlər nisbəti aşağı-yuxarı eynidir.
Məsələn, Türkiyədə son 20 ildə boşanma sayının 47% artması müşahidə olunur. Və paralel olaraq evlənən cütlüklərin yaşı da artır.
Buna nümunə olaraq həm də Rusiyanı göstərmək olar. Bu gün Rusiyada evlənən cütlüklərin orta yaş həddi 28-31 arasında dəyişir. Rusiyada isə boşanma sayı hər 10 evliliyə 7 boşanma göstərilir. Rusiya deyəndə həm də o ərazidə yaşayan milyonlarla müsəlmanları da nəzərə alın, lütfən (Rusiya Müftilər Şurasından (RMŞ) verdiyi xəbərə görə, hazırda bu ölkədə 30 millət və xalqın nümayəndələri olan 20 milyon nəfərədək müsəlman yaşayır).
Dörd günlük iş həftəsinə keçən, iqtisadi cəhətdən xeyli möhkəm olan İsveçdə isə hesab olunur ki, bir qadın iş həyatında, karyerasında nə qədər çox inkişaf etsə, onun ailəsinin dağılması bir o qədər tez başa gələcək. Nəzər alsaq ki, bu ölkədə gender bərabərliyi yüksək səviyyədə müəyyən olunur, bu nəticə bir qədər qəribə səslənir. Sən demə, bir qadın inkişaf etdikcə ailəsində onu dəstəkləyən kişi yerinə, ona paxıllıq edən və iş həyatında əldə etdiyi uğurlara görə qısnayan ər peyda olur. Bunu elə isveçlilər özləri deyir.
Deməli boşanma və ayrılmaların əsas səbəbi heç də iqtisadi problemlər deyil. Maliyyə problemləri boşanma zamanı adı çəkilən səbəblərdən olsa da, nəticədə daha çox qısqanclar, paxıllıq və digər psixoloji məqamlar üzə çıxır. Boşanmalar zamanı isə bütün dünyada ən çox səsləndirilən isə "xasiyyətimiz uyğun gəlmədi" fikridir.
Hər nə qədər adi səslənən fikir olsa da, bunun altında yüzlərlə uyğun gəlməyən məqamlar var.
Son zamanlar kafe və restoranlarda cütlükləri müşahidə edərkən onların əksəriyyətinin telefonlarda, öz dünyalarında olmalarını görürük. Görünən odur ki, yüksək texnologiyalar insanlara mütləq azadlıq və heç kimdən asılı olmamaq imkanını verir. Artıq çoxları üçün evdə tək qalmaq problem deyil. Onu əyləndirəcək xeyli sayda vasitələr var. Filmlər, oyunlar və sosial şəbəkələr. Məişət qayğılarını da həll etmək əvvəlki kimi çətin deyil. Bir barmağın hərəkətiylə bazarlığı belə evə çatdıran xidmətlər mövcuddur.
Artıq məişət problemləri, qazanc əldə etmək, problemlərin həlli müasir insan üçün get-gedə asanlaşır. Əgər əvvəllər bütün dünyada kişini evə qazanc gətirən rol modelində, qadını isə evdar qadın obrazında görürdüksə, bu gün bu şablonlar tamamilə dağılıb və bu bir cinsin qlobal olaraq digərindən asılı olmasının qarşısını alıb. Məişət zorakılığına dözmək, "ölsən də, bu evdə öləcəksən" kimi məsələlər artıq bir sıra qadınlar üçün qəbuledilməzdir. İnsanlar müstəqil və tək yaşamağa üstünlük verərək, əvvəlki klassik dünyanın nizamını pozublar. Hər kəs də düşünür ki, dünyaya bir dəfə gəlib, bu həyatı istədiyi kimi yaşamalıdır.
Bu gün müasir dünyada prezident, baş nazir, diplomat, nazir, hərbçi, polis, cərrah və istənilən sahədə qadınların inkişafını görür və düz bir əsr əvvəl ilə müqayisədə xeyli fərqli tablonu müşahidə edirik.
Əslində bu, XX əsrin əvvəllərində dünyada, xüsusilə də ABŞ-də seqreqasiya siyasətinə bənzəyir. Təsəvvür edin ki, XX əsr ABŞ-də qaradərili və hinduəsilli insanlar üçün ayrıca ərazilər müəyyən olunmuşdu. Buna "qetto" adı verilmişdi. Hətta ictimai nəqliyyatda belə, avtobusda qaradərili biri ağdərili ilə eyni hissədə otura bilməzdi, onlar üçün avtobusun arxa hissəsi müəyyən olunmuşdu.
Bu siyasəti qadınlara qarşı da həyata keçirildiyini deyə bilərik. Qadınların uzun müddət universitetlərdə təhsil almaması, ictimai-siyasi həyatda fəaliyyət göstərməməsi ilə də eynilik təşkil edirdi. Qadının yeri ən yaxşı halda mətbəx idi. Bir daha qeyd edirəm, bu, bütün dünyada belə idi.
Əgər xatirinizdədirsə, Böyük Britaniyanın "dəmir ledi"si belə Marqaret Tetçer siyasi karyerasında hər zaman qarşı cinsin təzyiqinə məruz qalmış, gender bərabərsizliyindən əziyyət çəkmişdi. Bunu ən çox onun siyasi karyerasının ilk dövründə müşahidə edə bilərik.
Bu qəbildən olan xeyli nümunə və müqayisə gətirə bilərik. Və məsələni analiz edərək çıxış yolunu tapmağa çalışardıq ki, yenə də bizimkilər möhürü vurdular. Onların fikrincə, qadın boşanmaq istəmirsə, kişinin ayaqlarını yumalıdır.