Fərid Əhmədov 1986-cı il, yanvarın 19-da Cəlilabad rayonunda anadan olub.
Oxu.Az virtualaz.org-a istinadən xəbər verir ki, o, 2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007-2008-ci illərdə Təlim-Tədris Mərkəzində kurs keçdikdən sonra Gəncədəki N saylı hərbi hissədə tağım komandiri vəzifəsinə təyin edilib.
Fərid Əhmədov 2009-cu ildə öz ərizəsi ilə Tərtər rayonunda N saylı hərbi hissəyə keçirilir və xidmətini burda davam etdirir. O, Tərtərdə kəşfiyyat böyük komandiri vəzifəsində xidmət edir.
Mübariz İbrahimovun nəşinin erməni tərəfdə qalmasını heç cür qəbul edə bilməyən F.Əhmədov Mübarizin meyiti ilə dəyişdirmək üçün erməni zabitini əsir götüməyi fikirləşir. Buna görə də tez-tez kəşfiyyata gedir. Həmişə Mübarizin meyitini qaytarmağı düşünən Fərid 2010-cu il, sentyabrın 3-də axşam mayor Əhməd Abdullayevlə birgə kəşfiyyata gedir.
Ə.Abdullayev ermənilərin atdığı güllədən yaralananda F.Əhmədov əsgərlərə mayoru geri götürməyi əmr edir, özü isə ermənilərin səngərinə düşür. Hərbçi yoldaşları bütün gecə onu gözləsələr də Fərid geri dönmür. Sentyabrın 4-də qəhrəmancasına həlak olur. Ermənilər zabitimizin bu igidliyindən nə qədər sarsılmışdılarsa, Fəridi vuran erməni əsgəri medalla təltif etmişdilər.
Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.