Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bütün "təcili yardımlar" bir mərkəzə birləşdirilir
İyunun 1-dən Sumqayıt Şəhər Təcili Yardım Stansiyası da daxil olmaqla ölkə üzrə bütün Təcili Yardım Stansiyaları Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə birləşdiriləcək.
"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, bununla bağlı artıq qərar verilib.
Bu prosesə qədər isə "103" xidməti ləğv olunub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bu mərkəzdə birləşdirilib.
TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, qurumun Müşahidə Şurasının 19 iyul 2023-cü il tarixli müvafiq qərarı ilə bağlı TƏBİB-in icraçı direktorunun müvafiq əmrinə əsasən, "Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası" publik hüquqi şəxs, "Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası" publik hüquqi şəxs, "Təcili Yardım Avtobazası" publik hüquqi şəxsin və eyni zamanda, TƏBİB-in tabeliyində olan digər tibb müəssisələrinin təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının ştat vahidlərinin ləğv olunaraq mərhələli şəkildə yeni yaradılan "Respublika Təcili Tibbi və Təxirəsalınmaz Yardım Mərkəzi" publik hüquqi şəxsə birləşdirilməsi prosesinə başlanılıb. Hazırda proses davam etdirilir.
Qeyd olunub ki, Respublika Təcili Tibbi və Təxirəsalınmaz Yardım Mərkəzinin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin "vahid pəncərə" sistemi şəklində qurulmasıdır.
Xatırladaq ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi 2023-cü ildə yaradılıb. Mərkəzin direktoru Mirələm Cəlalovdur.
Rəylər