Sumqayıt şəhərində təcili yardım xidmətində həkim çatışmazlığı ilə bağlı iddialar yayılıb.
Oxu.Az-a müraciət edən sakinlərin sözlərinə görə, təcili yardım briqadalarının sayı azaldılıb və bu səbəbdən bütün çağırışlara operativ getmək mümkün deyil.
İddiaya əsasən, təxminən 500 min nəfər əhalisi olan Sumqayıtda hazırda cəmi 7-8 təcili yardım həkimi fəaliyyət göstərir.
Şikayətçilərdən biri qeyd edib ki, dünən təcili yardıma müraciət etsə də, cavab ala bilməyib, 40 dəqiqə sonra "103" xidmətindən briqadanın gələ bilməyəcəyi bildirilib. Səbəb kimi ağır xəstələrin prioritet qaydada daşınması və briqadaların növbəli şəkildə göndərilməsi göstərilib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin sözçüsü Nəzrin Adıgözəlzadə Oxu.Az-ın sorğusunu belə cavablandırıb:
"28 noyabr tarixində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə hərarətin yüksəlməsi ilə bağlı çağırış daxil olub.
Qeyd edək ki, hərarətin yüksəlməsi təxirəsalınmaz çağırış kimi qiymətləndirilir və təcili kateqoriyaya aid olmadıqda növbəlilik prinsipi ilə icraya verilir. Lakin təcili çağırışların sayının çox olduğu hallarda təxirəsalınmaz çağırışların icrası bir saat ərzində həyata keçirilə bilər. Həmin vaxt isə müraciət edən şəxsə dispetçer tərəfindən briqadanın azad olduğu halda ünvanına yönləndiriləcəyi qeyd edilib. Bundan əlavə, belə hallarda vətəndaşın ərazi üzrə sahə həkiminə də müraciət etməsi tövsiyə olunur.
Həkimlərin sayının azaldılması ilə bağlı səslənən fikirlər isə doğru deyil. Əksinə, həkim sayının artırılması istiqamətində işlər görülür".
Məhərrəm Əliyev