Sumqayıt sakini 34 yaşlı Münəvvər Abbasova 12 il əvvəl özündən 3 yaş böyük olan Ümid Hacıyevlə qaçaraq ailə həyatı qurub. Elə bütün əzabları da həmin gündən sonra başlayıb. Sürücü işləyən həyat yoldaşı hər gün evə gəldikdə Münəvvəri döyüb, müxtəlif işgəncələr verib.
Qeyri-rəsmi nigahda yaşayan cütlüyün 4 azyaşlı övladı var. Qadın dəfələrlə polisə müraciət etsə də, həyat yoldaşı cərimələri ödəməklə canını qurtara bilib. Sentyabr ayının 12-də isə gecə siqaret almaq adı ilə Münəvvəri də özü ilə küçəyə çıxaran Ümid Hacıyev qadının sim kartını öz mobil telefonuna taxıb. Sonra isə Münəvvərin iş yoldaşlarına sevgi mesajları göndərib. Mesajlara cavab gəldikdə “Niyə cavab yazdılar” deyərək onu avtomobildə döyüb. Daha sonra qadını evə gətirən Ümid ona işgəncə verərək başını qırxıb.
Bir gün sonra yenidən işgəncələrə məruz qalan Münəvvər evdən qaçaraq xəstəxanaya gedib. Dörd gün reanimasiyada, sonra isə palatada yatıb. Ümid Münəvvəri xəstəxanadan evə gətirib və spirtli içki içməyə məcbur edib. Bütün bunlardan sonra, qadın Sumqayıt polisinə müraciət edib.
Polis əməkdaşları onu paytaxtdakı sığınacaqlardan birinə göndəriblər. Həyat yoldaşını tapa bilməyən ata geri qayıdaraq oxşar işgəncələri övladlarına qarşı törədib. Övladlarının üçü ötən gün sığınacağa, analarının yanına gətirilib. Birinin də yaxın günlərdə gətirilməsi nəzərdə tutulub. Ümid Hacıyev isə saxlanılıb. Onun barəsində cinayət işi başlanılıb, hazırda istintaq gedir.
Oxu.Az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
S.B.
www.oxu.az