"Biz elə bir nəsil yetişdirməliyik ki, onlar yalnız öz hüquqlarını bilməsinlər, eyni zamanda, başqalarının hüquqlarına hörmət etsinlər, məsuliyyət hissinə malik olsunlar, rəqəmsal mühitdə qarşılaşdıqları riskləri düzgün qiymətləndirə bilsinlər və cəmiyyətin fəal, faydalı üzvlərinə çevrilsinlər" .
Oxu.Az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurum tərəfindən hazırlanmış "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" adlı kitabın təqdimat mərasimində deyib.
O qeyd edib ki, güclü dövlətin gələcəyi ilk növbədə insan kapitalı ilə, insan kapitalı isə uşaqların aldığı təhsil, tərbiyə və mənimsədiyi dəyərlərlə müəyyən olunur:
"Hüquqi dövlətin gələcəyi də məhz bu gün formalaşan uşaqların hüquq düşüncəsindən başlayır".