Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” ticarət mərkəzində baş verən yanğın hadisəsi hər birimizi dərindən üzdü, ciddi şəkildə narahat etdi.
Bu, artıq neçənci yanğın hadisəsidir ki, yaşanır. Bundan əvvəl bir çox tanınmış və məşhur ticarət mərkəzlərində, o cümlədən, “Binə”də, “Sədərək”də bu cür üzücü və narahatedici yanğın hadisələri yaşanmış, iş adamlarına, sahibkarlara, həmin ticarət obyektlərində işləyib, çalışıb ailələrinə çörək pulu aparan insanlara böyük maddi ziyan dəymişdi.
Çox təəssüf ki, bu dəfə də belə oldu, yenə xeyli sayda iş adamı, sahibkar, sadə, sıravi ticarət əməkdaşları ciddi maddi ziyanla üzləşdilər. Sevindirici və təsəlliverici hal isə odur ki, bu hadisələrdə, eləcə də, bugünkü dəhşətli yanğında insan itkisi yaşanmadı.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Millət vəkili bildirib ki, bu hadisələr texniki təhlükəsizlik, sığorta və sair digər məqamlarla bağlı məsələləri ciddi şəkildə gündəmə gətirir:
“Belə hadisələr nə birincidir, nə də sonuncu. Həm də tək bizdə yaşanmayıb, dünyanın hər bir ölkəsində buna bənzər və bundan daha betər, ölümlə nəticələnən yanğın hadisələri baş verib və verməkdədir.
Amma bütün hallarda yanğınların tez-tez yaşanması ciddi narahatlıq yaratmaya bilməz. Bu hadisələrin minimuma endirilməsi üçün bütün gərəkən addımlar atılmalı, lazımi tədbirlər görülməlidir. Həm orada çalışan insanlar özləri texniki təhlükəsizlik qaydalarına ciddi riayət və əməl etməlidirlər, həm də təmin ticarət obyektlərinin sahibləri təhlükəsizlik tədbirlərini ən üst, ən yüksək səviyyədə həyata keçirməlidirlər.
Bu məsələdə təkcə pul-para istəyi önə çəkilməməli, əsas istək olmamalıdır, həm də təhlükəsizliyə maksimum dərəcədə əməl edilməsi, ticarət obyekt(lər)ində çalışanların mal və can güvənliyinin yüksək səviyyədə təmin olunması əsas məqsəd olmalıdır.
Bununla yanaşı, istər ticarət obyektlərinin sahibləri, istərsə də həmin obyektlərin tikintisinə, fəaliyyətinə icazə verənlər həmin obyektlərin yerləşmə məkanlarının təhlükəsizlik baxımından daha yararlı olmasına ciddi fikir verməlidirlər.
Çünki heç də hər yerdə, xüsusilə də, insan axını olan yerlərdə, iri ticarət mərkəzlərinin tikintisinə icazə verilməməlidir. Hər şey bütün incəliyinəcən ölçülüb, biçilməli, sonra icazə verilməlidir.
Belə olarsa, bu cür hadisələrdən də mümkün qədər ziyansız, itkisiz sığortalanmaq, ötüşmək olar”.
Kamil HƏMZƏOĞLU