Bakı metropoliteni üçün mühüm əhəmiyyət daşıyan "Dərnəgül" elektrik deposunda inşaat işlərinin ikinci mərhələsi yekunlaşıb və obyekt qismən istismara verilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə bu gün "Dərnəgül" deposuna təşkil olunan mediaturda qurumun baş mühəndisi Namiq Yusubov açıqlama verib.
Qurum rəsmisi bildirib ki, "AZCON Holding"in şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin gələcək fəaliyyəti və sərnişin sıxlığının aradan qaldırılmasında strateji əhəmiyyətə malik bu vacib infrastruktur layihəsi 2025-2030-cu illər üzrə Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Deponun tikintisi üçün ərazi 1986-cı ildə ayrılsa da, əsas inşaat işlərinə 2025-ci ilin aprel ayından başlanılıb:
"Yaşıl" və "qırmızı" xətlərin ayrılması layihəsinin mühüm tərkib hissəsi sayılan "Dərnəgül" elektrik deposu bundan sonra "yaşıl" xəttə müstəqil xidmət göstərəcək. Depoda qatarların təmir-baxış və qulluğu, gecələməsi və müxtəlif texniki proseslərin icrası üçün müasir şərait qurulub ki, bu da hazırda əsas yükü daşıyan "Nərimanov" elektrik deposunun işini xeyli yüngülləşdirməyə imkan yaradacaq. Həmçinin deponun istismarı metropolitendə xidmət keyfiyyətinin artırılmasına və hərəkət intervallarının azaldılmasına zəruri təkan verəcək.
II mərhələ üzrə reallaşdırılan əsas göstəricilər:
Ərazi və binalar: 16.5 hektar ərazini əhatə edən depoda 16 xidmət obyektinin (avadanlıqlar daxil) yaradılması nəzərdə tutulub. Mürəkkəb relyefə uyğun istinad divarları, çəpərlənmə işləri, 5 ədəd işıqlandırma qüllələri inşa edilib. Həmçinin zəruri xidmət və texniki otaqların inşası, habelə monolit döşəmə, fasad və üzləmə və MEP işləri 100% tamamlanıb, kommunikasiya xətləri çəkilib.
Yol və tunel infrastrukturu: "Yaşıl" xətti depo ilə birləşdirən 2100 metrlik tuneldə 2017 metr yol çəkilib. Tunel yolları "Bakı Metropoliteni" QSC-nin yerli istehsalı olan dəmir-beton bloklar üzərində qurulub. Depo ərazisində 18 100 kvadratmetr yol yatağı qazılıb, 1700 ədəd dəmir-beton şpal düzülüb, 21 ədəd "R50" tipli yoldəyişdirici quraşdırılıb, 1365 m yerüstü park yolu salınıb.
Təmir-baxış sahələri: Qatarların gecələməsi, baxışı və təmiri üçün nəzərdə tutulmuş 155 metr eni, 133 metr uzunluğunda olan dayanma-təmir korpusunun dəmir-beton konstruksiyası, dam örtüyü, fasad hissəsi tikilib. Korpsun, ümumilikdə 25 qanovundan 12-sinin inşası tam olaraq başa çatdırılıb. Qanovlardan 3-ü qaldırma-təmiri sahəsinə aiddir. Mühəndis qurğuları və kommunikasiya şəbəkəsi: 2 qazanxanada, eləcə də kompressor binasında əsas tikinti və montaj işləri yekunlaşıb, avadanlıqların quraşdırılması başa çatdırılıb. Drenaj, kanalizasiya, zəruri elektrik və telekommunikasiya, o cümlədən 2000 m fiberoptik xətt və 10 170 m kabel trasları çəkilib. Depo ərazisi 3 mənbədən elektrik təchizatı qida mənbəyi ilə təmin edilib.
Təhlükəsizlik və hərəkətin təşkili: Qatarların hərəkətinin təşkili və təhlükəsizliyi sistemləri, elektrik təchizatı xətləri, işarəvermə və rabitə avadanlıqları quraşdırılıb. 5 mərtəbəli dispetçer idarəetmə mərkəzləşmə məntəqəsi inşa edilib. Burada dizayn və memarlıq tərtibatı və digər zəruri tədbirlər hər mərhələnin tələblərinə uyğun davam etdirilir. Binada mərkəzləşmiş idarəetmə məntəqəsi ilə yanaşı, hərəkətin təşkili sistemləri, yanğın və vidomüşahidə sahələri də yerləşəcək".
N.Yusubov deyib ki, depoda yerüstü stansiyanın inşaat işləri də davam etdirilir. Burada əsas bina və platforma sahəsinin dəmir beton işlərinin inşası tamamlanıb:
"Qeyd edək ki, "Dərnəgül" elektrik deposunun tikintisi ümumilikdə 3 mərhələdə həyata keçirilir. II mərhələnin tamamlanması "yaşıl" və "qırmızı" xətlərin ayrılmasına şərait yaradır. Belə ki, deponun istismara verilməsi nəticəsində xətlərin ayrılması layihəsi üzrə tikinti müddətində "Dərnəgül" - "Nizami" sahəsində hərəkət edən qatarların təmir-baxış və qulluğu burada həyata keçiriləcək.
Depoda III mərhələ üzrə işlər davam etdiriləcək, inşaat prosesinin və ərazidəki yerüstü stansiyanın 2028-ci ildə tam başa çatdırılması planlaşdırılır".
Daha çox foto burada: PhotoStock.az