"Gənclərin gələcəyi və təhsili ilə bağlı məsələlərdə diqqətli olmaq lazımdır. Bu baxımdan, məmur kimi öz vəzifəsini yerinə yetirə bilməyən, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, korrupsiyada ittiham olunan və həbsdə yatan şəxsin müəllim kimi auditoriyaya buraxılmasını ilk növbədə özü istəməməlidir, ümumiyyətlə isə bu təcrübəyə yol vermək olmaz".
Bunu Oxu.Az-a açıqlamasında Azad Vətən Partiyasının (AVP) sədri, tarix elmləri namizədi Akif Nağı sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun universitetlərin birində müəllim kimi fəaliyyətə başlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ali məktəb kimlərinsə vaxtını, ömrünün yerdə qalan hissəsini keçirmək yeri deyil:
"Ona görə də bu kimi amillər müsbət tendensiya yaratmır. Əli korrupsiyaya bulaşan, rüşvətxor bir insan müəllim kimi şərəfli peşənin adını daşıya bilməz. Hesab edirəm ki, onun müəllim kimi fəaliyyətini davam etdirməsi yolverilməzdir".