Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Elşən Cəfərov: "Qüsur" və "mühüm qüsur" anlayışları fərqlənir"
"Qüsurlu mal əldə etdikdə istehlakçıların hüquqları "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında təsbit olunub".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlər üçün təşkil olunan "İstehlakçı hüquqları" adlı təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov deyib.
O qeyd edib ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunda "qüsur" və "mühüm qüsur" anlayışları fərqləndirilir:
"Qüsur dedikdə malın, işin, xidmətin normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal, iş, xidmət haqqında verdiyi məlumata uyğunsuzluğu başa düşülür.
Mühüm qüsur isə maldan, işdən, xidmətdən onun məqsədli təyinatına müvafiq surətdə istifadə olunmasını qeyri-mümkün edən, istehlakçı üçün aradan qaldırıla bilməyən, aradan qaldırılması üçün daha çox əmək və vaxt tələb edən, aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsurdur".
Şöbə müdiri onu da vurğulayıb ki, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
"Alqı-satqı müqaviləsi bağlanarkən istehlakçı əşyanı almasının konkret məqsədlərini satıcıya bildiribsə, satıcı ona uyğun əşya verməlidir. Əşyanı nümunə və təsvirə əsasən satarkən satıcı həmin nümunə və təsvirə uyğun gələn əşyanı verməyə borcludur.
İstehlakçı zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, qüsurlu malı lazımi keyfiyyətli mala dəyişdirə bilər; satıcıdan satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının satıcının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün çəkilən xərclərin əvəzinin ödənilməsini, malın həmin mala uyğun digər modelli (markalı, tipli və s.) mal ilə dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər.
Satıcı istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməli və istehlakçının yuxarıda göstərilən tələblərindən birini yerinə yetirməlidir.
İstehlakçının tələbinə isə yalnız o halda baxılır ki, malın qəbzi və ya kassa çeki qarşı tərəfə təqdim edilmiş olsun. Zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edilməlidir", - deyə E.Cəfərov qeyd edib.
Əzizə İsmayılova