Bakıda yerləşən restoranlardan birində əcnəbi turistə təqdim edilən hesab ətrafında narazılıq yaranıb. Turistin iddiasına görə, sifariş zamanı menyuda göstərilən qiymətlər əsas götürülsə də, hesab təqdim edilərkən yeməklərin dəyəri ikiqat baha hesablanıb. Məbləğin düzəldilməsi üçün dəfələrlə müraciət edilsə də, hesab sifariş zamanı göstərilən qiymətlərə uyğunlaşdırılmayıb.
İaşə obyektlərində menyuda göstərilən qiymətlərlə müştərilərə təqdim edilən hesab arasında fərqin yaranması istehlakçı hüquqları və qiymət şəffaflığı məsələsini yenidən gündəmə gətirir. Xüsusilə xarici turistlərlə bağlı bu cür iddialar ölkənin turizm imicinə təsiri baxımından da müzakirələrə səbəb olur.
Bəs istehlakçılar belə vəziyyətlə qarşılaşdıqda hansı addımları atmalıdırlar?
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
Son vaxtlar turistlərin aldadılması halları daha tez-tez baş verir

Turizmçi Əziz Şiriyev turistlərin aldadılması ilə bağlı problemlərin uzun müddətdir mövcud olduğunu deyir.
"Xüsusilə Qəbələ və Quba istiqamətlərində, Bakı və paytaxtətrafı ərazilərdə fəaliyyət göstərən məşhur restoranlarda, eləcə də nəqliyyat xidməti göstərən və yerli məhsullar satan şəxslər arasında belə hallara rast gəlinir. Son vaxtlar bu cür hadisələr daha tez-tez baş verir. Bəlkə də bu səbəbdəndir ki, əvvəllər Azərbaycana üz tutan ərəb turistlər artıq Orta Asiya ölkələrinə gedirlər", - deyə o bildirib.
Turizmçi hesab edir ki, bu cür hallar ictimai qınağa səbəb olmalı, onların qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir.
"Biz millət olaraq qonaqpərvərik. Milli-mənəvi dəyərlərimiz var. Bu dəyərlərə söykənərək hər zaman turistlərə hörmətlə yanaşmalıyıq. Bu proseslərə müvafiq qurumlar - Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Hotel Assosiasiyası, Qida Təhlükəsizliyi Agentliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən nəzarət olunmalıdır", - deyə Ə.Şiriyev vurğulayıb.
Onun fikrincə, ölkədə turizm polisinin yaradılmasına da ehtiyac var.
"Turist bilməlidir ki, ciddi problemlə qarşılaşarsa, müraciət edə və dəstək ala biləcəyi bir qurum mövcuddur. Turist özünü nə qədər güvənli və təhlükəsiz hiss edərsə, həmin ölkəyə yenidən qayıtmaq və ya oranı başqalarına tövsiyə etmək ehtimalı da bir o qədər artar", - deyə turizmçi qeyd edib.

Biznes subyektlərinin sui-istifadəsi
Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, bəzi restoranlarda əcnəbi turistlərlə düzgün davranılmaması hallarına rast gəlinir.
"Bəzi biznes subyektləri onlar üçün yaradılmış şəraitdən sui-istifadə edirlər. Turistlərin yaddaşında belə hadisələr uzun müddət qalır", - deyə o bildirib.
İctimai Birliyin sədri qeyd edib ki, iaşə obyektlərində qida keyfiyyəti və qiymətlərlə bağlı şikayətlər daxil olduqda dərhal araşdırma aparılmalı və operativ müdaxilə edilməlidir.
"Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu məsələlərə daha çevik reaksiya verməlidir", - deyə E.Hüseynov vurğulayıb.

"Belə hallar ölkənin turizm imicinə ciddi zərbə vurur"
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) sədrinin müşaviri Müzəffər Ağakərimov bu cür hadisələri pislədiklərini bildirib.
"Belə hallar ölkənin turizm imicinə ciddi zərbə vurur. Təbii ki, bu cür hadisələr baş verdikdə turizm şirkətləri və ekskursiya bələdçiləri turistlərə həmin restorana getməyi tövsiyə etməyəcəklər. Digər tərəfdən, hər hansı vətəndaş və ya turist belə hallarla qarşılaşdıqda, yaxud yeməklərlə bağlı şikayəti olduqda aidiyyəti qurumlara müraciət etməlidir", - deyə o bildirib.
M.Ağakərimov qeyd edib ki, ölkənin turizm qurumlarının əsas məqsədi daha çox turist cəlb etməkdir.
"İaşə obyektlərinin rəhbərləri başa düşməlidirlər ki, məqsəd təkcə pul qazanmaq deyil, həm də ölkənin imicinə töhfə verməkdir. Biz də təşkilat olaraq öz fəaliyyətimiz çərçivəsində turizm şirkətlərinə bu istiqamətdə məlumat və tövsiyələrimizi veririk", - deyə o əlavə edib.

Turistləri aldatmağa cəhd edən iaşə obyektlərinin sayı çoxdur
Hüquqşünas Arif Nəzərovun sözlərinə görə, belə hadisə ilə qarşılaşan şəxs Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etməlidir.
Onun sözlərinə görə, hazırda bazarda turistləri aldatmağa cəhd edən iaşə obyektlərinin sayı çoxdur və onların hər birinə ayrıca nəzarət etmək çətindir.
"Buna görə də həm vətəndaşlar, həm də əcnəbi turistlər belə hallarla üzləşdikdə məsələni ictimailəşdirməli və aidiyyəti qurumlara müraciət etməlidirlər. Zərərçəkən turistlər və ya vətəndaşlar bu kimi hallarla bağlı turizm sahəsinə aid qurumlara da müraciət edə bilərlər", - deyə hüquqşünas bildirib.

Menyudakı qiymətdən artıq məbləğ tələb etmək istehlakçı hüquqlarının pozulmasıdır
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, ictimai iaşə obyektlərində hesablaşmalar menyuda göstərilən qiymətlər əsasında aparılmalıdır.
"Sifariş edilən məhsul və xidmətlərin dəyərindən artıq məbləğin tələb edilməsi istehlakçı hüquqlarının pozulması və hesablaşma zamanı istehlakçının aldadılması hesab olunur. Belə hallarla qarşılaşan müştərilər ilk növbədə obyektin rəhbərliyinə müraciət edərək hesabın düzgün hesablanmasını tələb edə bilərlər. Nəticə əldə olunmadıqda isə pozuntunu təsdiqləyən sübutlarla, o cümlədən qəbz və restoranın dəqiq ünvanı barədə məlumatla Agentliyə şikayət ünvanlamaq mümkündür", - deyə qurumdan qeyd edilib.
Agentlikdən bildirilib ki, sahibkarlıq sahəsində yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırıldığından, bu müddətdə yalnız qanunvericilikdə nəzərdə tutulan mühüm təhlükə halları ilə bağlı əsaslandırılmış müraciətlər əsasında yoxlama aparıla bilər.
Qurumun məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, istehlakçıların hesablaşma zamanı aldadılmasına görə fiziki şəxslər 350-500 manat, vəzifəli şəxslər 1 500-2 000 manat, hüquqi şəxslər isə 4 000-6 000 manat məbləğində cərimə edilə bilərlər.