Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Əməkqabiliyyətli yaşda ölənlərin sayı ARTIR - STATİSTİKA
Azərbaycanda dünyasını dəyişən insanlar arasında əməkqabiliyyətli yaşda olanların sayında artım müşahidə edilir.
Sfera.az xəbər verir ki, 2000-ci ildə dünyasını dəyişənlərin 26 faizi, 2013-cü ildə 30 faizi əməkqabiliyyətli yaşda olduğu halda, 2023-cü ildə dünyasını dəyişənlərin (60 150 nəfər) 35 faizi, yəni 21 284 nəfəri əməkqabiliyyətli yaşda olub.
Əməkqabiliyyətli yaşda ölənlərin xüsusi çəkisinin artmasının əsas səbəbi pensiya yaşının artırılması ilə bağlıdır. Əvvəlki illərdə kişilər 59 yaşda, qadınlar isə daha tez pensiyaya çıxa bilirdilər. 2023-cü ildə isə kişilər 65, qadınlar 63.5 yaşda pensiyaya çıxa biliblər. Əməkqabiliyyətli yaş dövrünün böyüməsi dünyasını dəyişənlərin xüsusi çəkisinin də artmasına səbəb olub.
Əməkqabiliyyətli yaşda ölənlərin cins tərkibində isə kəskin fərq var. Bu dövrdə ölənlərin həm sayı, həm də xüsusi çəkisi kişilərdə qadınlara nisbətən daha yüksəkdir.
Ötən il dünyasını dəyişən hər 100 kişidən 45-46-sı, qadınlarda isə hər 100 nəfərdən 23-ü əməkqabiliyyətli yaşda olub.
Ümumilikdə, əməkqabiliyyətli yaşda dünyasını dəyişənlərin 71 faizi kişidir. 2023-cü ildə bu yaşda 21 284 nəfər dünyasını dəyişib və onların 15 044 nəfəri kişi, 6 240 nəfəri qadın olub. Əməkqabiliyyətli yaşda ölən kişilərin sayı qadınların sayından 2.41 dəfə çoxdur.
Rəylər