Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əməkdar memar: “Biznesmenlər üçün şəhərin görünüşü önəmli deyil, əsas pul olsun” - MÜSAHİBƏ + FOTO
“Əslində layihənin reallaşdırılması üçün vahid konsepsiya, vahid qaydalar var. Sadəcə onun icrasına nəzarət mexanizmi dəqiq həyata keçirilməlidir. Administrativ üsul var, lakin dediyim kimi nəzarət yoxdur. Bina inşa edilir, 1 il sonra binaya şüşəbənd qoyulur. Heç kim maraqlanmır ki, ora niyə şüşəbənd qoyulub? Ya da binada bütün pəncərələr ağ rəngdədir, bir nəfər deyir ki, mən qəhvəyi rəng edəcəyəm. Bu məqama heç kim reaksiya vermir. Sakinlər binadan mənzil alanda onlara izah etmək lazımdır ki, binanın eyvanı sənin deyil. İçərisindən necə istəsən istifadə edə, yararlana bilərsən. Amma binanın ümumi görünüşünü dəyişəcək heç bir addım ata bilməzsən. Binaların eyvanları şəhərindir, sakinin deyil”.
Oxu.Az Bakıya gözəllik qatan bir neçə göydələnin və paytaxtda inşa edilən ilk silindr formalı binanın memarı, Əməkdar memar Nizami Qasımzadə ilə müsahibəni təqdim edir:
- Bakının memarlıq baxımından əsas dərdi nədir?
- Bakının şəhərsalma tərəfdən bəlkə də ən önəmli problemi alternativ yolların olmaması, kanalizasiya xətlərinin aşağı səviyyədə olması (və ya heç olmaması) və metro stansiyaların yetərsizliyidir. Bu üç təməl problem həll olunmasa, problemləri dəfələrlə müzakirə etsək də, gündəmə gətirsək də, faydası yoxdur. Bu problemlər elə çarx kimi fırlanacaq.
- Azərbaycan memarlığı, şəhərsalması hansı özəlliyi və hansı nöqsanlı tərəfləri ilə diqqət çəkir?
- Azərbaycan memarlığının çox dərin və əsaslı tarixi var. Mən hərdən digər ölkələrdən olan həmkarlarımla söhbətdə vurğulayıram ki, XI-XII əsrlərdə bəzi böyük ölkələr ağac tirləri ilə daxma tikəndə Azərbaycanda şəhərsalma mədəniyyəti olmaqla yanaşı, tikinti materialı olan daş, həmçinin kərpiclə saraylar, türbələr və məscidlər inşa olunurdu. Bunun bariz nümunələri yetərincədir. Şəhərsalmada isə bizdə həm də nöqsanlar çoxdur, lakin bununla yanaşı müsbət yanaşma da özünü göstərir. Bakıda şəhərsalma və arxitektura cəhətdən ən gözəl tikililər Ağ şəhərdədir. Burada bütün normalar nəzərə alınıb. Şəhərsalmada əsas məsələ insanların rahat həyat tərzi ilə yanaşı, həm də funksional şəhər mühitinin formalaşmasıdır. Burada nəqliyyatla yanaşı, digər aspektlər nəzərə alınıb. Əsasən də yaşıllaşdırma, iaşə və həyat zərurətli obyektlərin əvvəldən icra olunmasıdır. Estetik görünüş isə bütün bunları tamamlayıb. Amma bunu Bakının bəzi rayonlarındakı tikililər barəsində deyə bilmərik. Hətta bəzi köhnə tikililər bir tərəfə qalsın, yeni inşa edilən binalar hədsiz dərəcədə bərbad vəziyyətdədir. Sabah həmin tikililərin yaxınlığında və ya o binalarda yanğın olsa, mən düşünə bilmirəm ki, onun qarşısını necə alacaqlar. Bu qədər insan sıxlığı olmamalıdır. Bakının bəzi rayonları təzədən söküləcəkmi? O cür 17 mərtəbəli binalar sökülə bilərmi?
- Bəs paytaxtın bu cür bərbad vəziyyətə düşməsinin səbəbi nədir?
- Bir səbəbi var, o da zamanında Bakının Baş Planının hazırlanmamasıdır. Ondan sonra da iş adamları inşa edə-edə gedir. Biznesmenlər üçün şəhərin görünüşü, vəziyyəti önəmli deyil. Əsas odur ki, pul qazansınlar. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti sahibkarlardan tikinti zamanı standartlara riayət edilməsini tələb etməlidirlər. Ümumiyyətlə mən düşünürəm ki, Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri artırılmalıdır. Paytaxtın inkişafına nəzarət üçün bu vacib məsələdir. Bakının Baş Planının hazırlanması zamanı aidiyyəti qurumlar da yaxından iştirak edib. Agentlik tərəfindən 16 təklif irəli sürülüb və onlardan doqquzu qəbul edilib. Bu kifayət qədər yaxşı nəticədir.
- Qəbul edilən təkliflər arasında nələr var?
- Paytaxtın yükünü azaltmaq məqsədilə lokal mərkəzlərin yaradılması var. Şəhərin mərkəzinə axının qarşısı alınmalıdır. Paytaxtda istər turizm, istərsə də insanlar üçün olan infrastruktur həmin lokal mərkəzlərdə nəzərə alınmalıdır ki, şəhər mərkəzinə insan axını azalsın. Elə tıxacların yaranmasının bir səbəbi də budur. Təsəvvür edin əyləncə mərkəzi də şəhərin mərkəzindədir. Əyləncə mərkəzləri gərək şəhər kənarında olsun. Bütün bu məqamlar incə-incə düşünüldüyündə zəncirvari bir-birinə bağlı olduğu ortaya çıxır. Daha bir maraqlı təklif Abşeron yarımadası boyu kiçik limanların olmasıdır. Bu, həm insanların alternativ nəqliyyat növü olmaqla yanaşı, həm də turistik marşrut kimi çox cəlbedicidir.
- Bakıda ən çox diqqət çəkən “kreativ” balkonlardır. Balkonların bu cür pərakəndə formada istifadəsi görüntü kirliliyi yaratmırmı?
- Əslində layihənin reallaşdırılması üçün vahid konsepsiya, vahid qaydalar var. Sadəcə onun icrasına nəzarət mexanizmi dəqiq həyata keçirilməlidir. Administrativ üsul var, lakin dediyim kimi nəzarət yoxdur. Bina inşa edilir, 1 il sonra binaya şüşəbənd qoyulur. Heç kim maraqlanmır ki, ora niyə şüşəbənd qoyulub? Ya da binada bütün pəncərələr ağ rəngdədir, bir nəfər deyir ki, mən qəhvəyi rəng edəcəyəm. Bu məqama heç kim reaksiya vermir. Sakinlər binadan mənzil alanda onlara izah etmək lazımdır ki, binanın eyvanı sənin deyil. İçərisindən necə istəsən istifadə edə, yararlana bilərsən. Amma binanın ümumi görünüşünü dəyişəcək heç bir addım ata bilməzsən. Binaların eyvanları şəhərindir, sakinin deyil.
- Baş Plan qəbul edildikdən sonra hansı dəyişikliklər gözlənilir?
- Bakının Baş Planı ümumilikdə 20 illik plan üzrə tərtib edilib. Təsdiq edildikdən sonra ola bilsin ki, müəyyən dəyişikliklərə gedilsin. Fransız evlər kimi tanınan layihələr - Alatava, “Xutor”, “Kubinka” deyilən yerlərdə ciddi tədbirlər görülməlidir. Bu yerlərdə kanalizasiya sistemi ya heç yoxdur, ya da tamamilə bərbad vəziyyətdədir. Çox ümid edirəm ki, Baş Plan təsdiqləndikdən sonra heç kim qoyulan standartlardan kənara çıxmasın. Bakıda bu gün o qədər sıxlıq var ki, gələcək üçün bu, təhlükəlidir. İstər əhali, istərsə də həyata keçirilən pilot layihələr paytaxtı yararsız hala salıb. Bu gün Bakı şəhəri ilə ciddi şəkildə məşğul olmaq lazımdır. Mikrorayonlar, ərazilər, orada yaşayan insanlar, qurulan infrastruktur var. Sonra onları köçürmək, tikilənləri dağıtmaq da olmayacaq. Yadınıza salın, “Sovetski”ni sökənə, əhalini köçürənə qədər neçə il əziyyət çəkildi? Bütün bu, dövlətə yükdür.
- Ola bilər ki, paytaxtda sıxlığı azaltmaq üçün rayonlarından hansısa biri sökülsün və bu yük digər rayonlar arasında paylansın?
- Məncə, hamı Bakının Baş Planını gözləyir. Yəqin ki, bu problemi həll etmək üçün paytaxtda daha çox yaşıllığa üstünlük verilməlidir. Hətta bəzi ərazilərdə beşmərtəbəli binalar sökülüb yerinə park salınmalıdır. Bakıda binalar o qədər sıxdır ki, tariximizi görə bilmirik. Turistlər Bakıya bizim tariximizi, mədəniyyətimizi görməyə, öyrənməyə gəlir, lakin şəhər çox yükləndiyi üçün tariximiz da arada itib batır.
- Səbail, Nəsimi və Yasamal rayonlarında həm estetik baxımdan, həm də tarixi baxımdan binalar çoxdur. Bunların qorunması və yeni binaların bu görünüşə mənfi təsiri haqqında nə deyə bilərsiniz?
- Çox uzağa getməyək. Dediyiniz mövzu ilə bağlı konkret olaraq mən sizə bir misal çəkim. Şəhərin mərkəzində “Fantaziya hamamı” gözümüzün qarşısında dağılır. Biz bunu xilas edə bilirik? Bu haqda çox yazılıb. Mədəniyyət Nazirliyinin balansında olsa da, özəl olaraq şəxsin mülkiyyətindədir. Vətəndaşın imkanı yoxdur, heç marağı da yoxdur ki, o binanı bərpa etsin. Mən düşünürəm ki, bu tip tarixi binalar dövlət tərəfindən satın alınmalı və verilməlidir ki, bərpa olunsun. Daha sonra bu binanın qorunaraq, tarixiliyini itirməmək şərti ilə istifadəsi üçün alternativlər hazırlanmalıdır. Ya da investora verilməlidir və qarşılıqlı əməkdaşlıq edilməlidir. Ancaq yaxşı olardı ki, bu yaxınlarda Memarlar İttifaqının sədri Elbay Qasımzadə tərəfindən təklif olunmuş Mərkəz inzibati rayonu yaradılsın və bu rayona sadalanan rayonların tarixi yerləri daxil edilsin. Bununla Bakının tarixi binalarına özəl yanaşma və inşa ediləcək yeni binaların məhz tarixi binalara sintezi təmin ediləcək.
- “Qarabağ” layihəsində uğurlu seçimlər oldu. Necə düşünürsünüz işğaldan azad edilən ərazilərdə hansı layihələrin həyata keçirilməsi gözəl olardı?
- Burada müxtəlif yanaşmalar var. Mən Ağdam şəhərində müasir üslubda təmir-tikinti işlərinin aparılmasının tərəfdarıyam. Hətta Füzuli şəhərinin sənaye şəhəri kimi bərpasının, yenidən inşa edilməsinin tərəfdarıyam. Qarabağın ənənəvi memarlığını qorumağa da diqqət edilməlidir. Mən Xudafərin kəndinin bərpası üçün layihə düşünmüşdüm. Kompleks olaraq Xudafərin körpüsünün bərpa-konservasiya işləri önəmli idi. Orada bir neçə kənd var ki, yenidənqurma işləri mütləq Qarabağ tipologiyasında həyata keçirilməlidir. Orada da yanaşma Aşağı Qarabağ, Yuxarı Qarabağ istiqaməti üzrə fərqlidir. Hər yeri müasirləşdirsək, tariximiz itər. Böyük yaşayış məntəqələrində tariximiz qorunmalıdır. Zəngilanın Ağalı kəndini müasir standartlarda bərpa etdilər. Çox qəşəng kənddir. Amma turistik kəndlərdə tarixilik qorunmalıdır. İsmayıllıda Basqal turistik məkan kimi daşların fonunda bərpa edildi. Hər küçəsində bir tarixilik var. Qarabağda tarixi abidələr, hətta yerlə bir edilən binalar siyahıya alınmalıdır.
- Layihələrdə memarlıq müsabiqələrinin elan edilməməsinin korrupsiyaya yol açması ilə bağlı fikirlər dolaşır. Bu fikirlərə münasibətiniz necədir?
- Bir var dövlət qurumu, bir də var özəl sektor. İnandırım ki, bu gün sahibkarların çoxu heç memarlara müraciət etmirlər. Müsabiqə olarsa, ədalətli qərar çıxa bilər. Müxtəlif layihələr ortaya qoyular və uğurlu biri seçilərək inşa edilər. Lakin bu gün sahibkarlar memarlığa deyil, ucuz yollara gedirlər. Sahibkar gedir konstruktor və ya mühəndisə istəyi ilə bağlı məlumat verir. O da universiteti yeni bitirmiş, təcrübəsiz bir tələbədən dizayn verməsini istəyir. Bununla da konsepsiyanı tamamlayırlar. Bu da bizim ən yaralı yerlərimizdən biridir. Tikinti şəhərin inkişafını göstərən amillərdən biridir. Bunu dayandırmaq olmaz. Lakin vahid qaydalar olmalıdır. Baş Plan tez zamanda elan olunmalıdır ki, sahibkarlar üçün vahid standart olsun.
- Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqları azad edilib. Təbii olaraq bu ərazilərdə yeni şəhərlər salınacaq, yeni abidələr qurulacaq, köhnələr restavrasiya ediləcək. Yeni memarlıq layihələri hazırlanarkən hansı kriteriyalar əsas götürülməlidir?
- Bütün bunlar üçün nəzərdə tutulan layihələr var. Məqsədəuyğun bilinən ideyalar təsdiq edildikcə icra ediləcək.
- Bakıda kənd turizmi necə inkişaf edir? Bu prosesdə memarlıq abidələrinin rolu, cəlbediciliyi nə qədərdir?
- İnsanlar nə qədər müasirlik vurğunu olsalar da, bəziləri kənd mühitinə aşiqdirlər. Kəndlər müxtəlif cür bərpa edilməlidir və aqrar sahə sürətlə inkişaf etməlidir. Çox arzu edirəm ki, bu sahə inkişaf etsin, çünki əhalinin hamısı şəhərdə qala bilməz. Azərbaycanda daha bir problem daxili miqrasiyadır. Bunun ən böyük səbəbi Birinci Qarabağ müharibəsinin nəticələridirsə, ikincisi, rayonlarda işsizliyin olmasıdır. İnsanlar kəndə qayıtsalar, bu, həyatın istənilən sahəsində özünün müsbət təsirini göstərəcək. Amma hər kəs şəhərə axın etsə, bir neçə il sonra süfrəyə qoymağa heç bir təbii məhsul tapmayacağıq.
- Bakıda yeni inşa edilən bir çox tikililər Qərb memarlığı üslubundadırlar. Bunun xüsusi bir səbəbi var?
- Yenilik etmək olar, 21-ci əsrdə yaşayırıq. Məsələn, kəndi yenidən yaradırıq, hər şeyi müasir edə bilərsiniz. Biz Basqalda qaz xətlərini yerin altından çəkdik, elektrik naqillərini estetik görüntünü qorumaqla quraşdırdıq, yaşam şəraitini maksimum yaxşılaşdırdıq. Bildiyiniz kimi, Prezident İlham Əliyev də işlərin gedişi ilə bağlı Basqala səfər etdi və lazımi tövsiyə və tapşırıqlarını verdi ki, biz də Dövlət Turizm Agentliyi olaraq icra edirik. Bu əsasda kənd sakinlərinə rahatçılıqla yanaşı, ənənəvi yaşam tərzi də qorunmalıdır. Əsasən də təsərrüfat və heyvandarlıq.
- Xəritə üzərindən ölkənin görünüşü də memarlıq işlərinin standartlarından xəbər verən nüanslardandır. Bu görüntü hazırda uğurludurmu?
- Deyərdim ki, təəssüf ki, yox. Düzdür, hər kəsin bir yanaşması var. Amma mənim fikrimcə, istənilən görüntü baxımından Bakının mərkəzində beşmərtəbəli mikrorayon binasına və ümumiyyətlə yaşayış binalarının tikilməsinə ehtiyac yoxdur. Bura mərkəzdir. Şəhərin mərkəzində yalnız seçilmiş, xüsusi layihələr olmalıdır. Böyük şəhərlərin hər birində mərkəz dinamika verən xüsusi layihələrlə əhatələnir.
- Bəlkə bizə Bakının Baş Planından bir neçə ipucu verəsiniz?
- Hər dəfə yeni ideyalar hazırlanır, verilir. Amma tez zamanda gerçəkləşdirilməsi çox önəmlidir. Məsələn, 1995-ci ildə verilən Bakı Dəniz Körpüsü layihəsi 2006-cı ildə nəzərə alındı. Əhmədlidən Bibiheybətə qədər dənizin ortası ilə uzanan körpü. Vaxtında verilən ideya idi, çünki Neftçilər prospektinə alternativ yol yoxdur. Bu layihə isə alternativ yol ola bilərdi. Hazırda bunu yazıblar, perspektiv layihələrdən biri kimi nəzərdə tutulub. Amma bəzi layihələr daha tez həyata keçirilsəydi, daha yaxşı olardı. Ümumiyyətlə Abşeron yarımadasından Türkan qəsəbəsi istiqamətinə inkişaf etməyin tərəfdarıyam. Məsələn, Sulutəpə ərazisində fərdi evlərin kütləvi tikilməsinin tərəfdarı deyiləm. Orada bütün yamac ağaclar olsaydı, yaxşı olardı. Ağac qalsın bir kənara, mərkəzi kanalizasiya sistemi olmadan, infrastruktur qurulmadan o ərazilərin axırı necə olacaq? Orada təmiz şam ağaclarından ibarət meşəlik salınsa, göllər yaradılsa, çay hövzələri mövcud olsaydı, daş karxanalarından qalxan toz həmin iqlimdə qalacaqdı, nə əhaliyə, nə Bakıya ziyan vurmayacaqdı. Olmadığı üçün bütün toz Bakının ortasındadır. Planlama düz olsaydı, bu gün biz mövcud problemlərlə qarşı-qarşıya qalmayacaqdıq.
- İçərişəhərin obrazının itirilməsi məsələsi tez-tez gündəmə gəlir. Tarixi binaların arasında aynabəndli binaların yeri yoxdur. Xüsusilə də səfirliklərin əksəriyyətinin binasının burada yerləşməsi bu məsələni bir qədər də qabardır. Bu barədə nə düşünürsünüz?
- Əlbəttə ki, burada müasir yaşayış, iaşə obyektlərinin, eləcə də müasir üslublu binalar ümumi görüntünü pozur. Turistlər istənilən ölkəyə tarix, abidə, incəsənət görməyə gedir. Biz bunların hər birini onlara elə təqdim etməliyik ki, biri digərini kölgədə qoymasın. Misal çəkim, son dövrlərdə İçərişəhərdə həm səfirliklər çoxdur, həm də ictimai iaşə obyektlərinə həddən artıq yer vermişik. İçərişəhərə girəndə ancaq restoran gözə çarpır, daş yaddaşı demək olar silinib. Taxtanın İçərişəhərdə nə işi var? Taxta tarixdə ən az istifadə edilən tikinti materialıdır, amma bu gün hara baxırsan, taxta görürsən. Tarixi yaddaşına köçürən daşlar isə görünmür. 2016-2017-ci illərdə verilən ideya bu yaxınlarda həyata keçirilib. Bu ideyanı Memarlar İttifaqı irəli sürmüşdür, hansı ki, yeri gələndə ən çox tənqid olunan da elə memarlardır. Deməli ideya “Bayır şəhər konsepti” idi. Mən də daxil bir çox memarlar fikirləşirdik ki, Nizami küçəsindən Qış parkına qədər olan məhəllələr sökülməsin. Biz buna nail olduq. Bu məhəllələrin hər birinin bərpası dövlət tərəfindən təsdiqləndi və icra olundu. Kaş orada çoxmərtəbəli binaların tikilməsinə də icazə verilməzdi.
“Bayır şəhər konsepsiyası” çərçivəsində hazırda Azərbaycan Mədəni İrsinin qorunması və Turizmə Dəstək Assosiasiyası (AMİTA) bu layihələr üzərində çalışır. İslam Səfərli küçəsində Sənətkarlar və milli mətbəx küçəsinin yaradılması buna nümunədir. Oradakı bütün avtomobillərin, parklanma yerlərinin yığışdırılması planlaşdırılır. Marşrut da çox əlverişli alınır – Qış parkı, Bulvar və İçərişəhər istiqamətində uzun bir turistik gəzinti trayektoriyası yaradılacaq. Biz bu layihəni gerçəkləşdirə bilsək, çox gözəl görüntü olacaq. Bildirim ki, aidiyyəti qurumlar şəhərdə bu kimi piyada gəzinti zonalarının yaradılmasında maraqlıdır.
- Bir də məzarlıqlar var, şəhərin ortasındadır. Bununla bağlı hansısa fikirlər, ideyalar varmı?
- Bu, çox ağır məsələdir. Yəqin ki, bununla bağlı aidiyyəti üzrə icra hakimiyyətləri düşünər. Zamanında bütün məzarlıqlar şəhərdən kənarda idi. Paytaxt böyüdükcə vaxtilə kənar görünən yerlər bu gün əhalinin sıx yaşadığı yerlərlə əhatə olunub. Bu məsələdə, məncə, yaşıllığa üstünlük verilməlidir. Fəxri xiyabandakı kimi yaşıllıqdan demək olar ki məzarlar görünmür.
- Bir memar kimi necə düşünürsünüz: tramvay xətlərinin bərpası, yerüstü metro və trolleybusların bərpası üçün infrastruktur varmı? Bunun bərpası üçün memarlıq baxımından hansı layihələrə ehtiyac var?
- Bakının Baş Planında da bu məsələ ilə bağlı məqamlar nəzərə alınıb. Hətta bir yeniliyi də diqqətinizə çatdırım ki, Baş Planın hazırlanması zamanı müəyyən təkliflər verilib. Bunlardan biri dənizdə Abşeron yarımadası, Sumqayıt və Novxanı istiqamətinə qədər uzanan mikrolimanlarla bağlıdır. Çox maraqlıdır ki, Bakı dəniz kənarında yerləşsə də, dənizdən maksimum faydalana bilmirik. Bizim üçün dəniz çimərlikdən o tərəfə keçmir, bu, təəssüf doğuran məqamdır. Amma biz dənizdən nəqliyyat vasitəsi kimi çox yaxşı istifadə edə bilərik. Bu, həm vətəndaşların istirahəti, həm də ünvan başına çatması üçün sərfəli olar. Bakıda nəqliyyatın əsaslı şəkildə həll olunması üçün metro stansiyaların sayı artırılmalıdır. Məsələn, Şanxayda 30 ildə 260 metro stansiyası tikilib. Təsəvvür edin ki, onlar metronun tunellərini çayın altından aparırlar. Özüm gedib-gələndə müşahidə etmişəm, çox təəccüblənmişəm. Düşünürəm ki, aidiyyəti üzrə müvafiq qurumlara köçürülən vəsaitin heç olmasa 1/3-ni metro stansiyaların sayının artırılmasına xərclənsə, nəqliyyat problemi həll olunar. Təxminən Sumqayıta, Lökbatana qədər 6-7 metro stansiya tikilməlidir. Bu xətlər o qədər aktiv işləyəcək ki, nəqliyyatın yükü nəzərəçarpacaq dərəcədə azalacaq. Hətta elə stansiyalar var ki, onların açılması çox rahat və asandır.
- Bəs tramvay xətləri necə?
- Problem deyil, paytaxtın bəzi yerlərində, relyefdən asılı olaraq bərpa etmək mümkündür. Məsələn, Ağ şəhərdə, Binəqədi, Biləcəri, 20-ci sahə ərazisindən Şıxova qədər tramvay xətləri çox gözəl işləyəcək. Amma şəhər daxilində o qədər də üstünlük verilməsə, yaxşıdır.
- Necə düşünürsünüz, bu gün Bakı çox yüklənib. Sadalananlar Bakının yükünü azalda biləcəkmi?
- Bakının yükünü azaltmaq lazımdır. Sumqayıt sənaye şəhəridir. Belə olan halda niyə bütün sənaye ilə bağlı biznes mərkəzləri Bakıdadır? Nə gərək var? Belə mərkəzlər sənaye şəhərində qurulsun. Eləcə də kənd təsərrüfatı ilə bağlı qurumlar, kolleclər, universitetlər Gəncədə olsun. Bu, həm şəhərlərin inkişafı cəhətdən yaxşıdır, həm də strukturu genişləndirmiş olarıq. Sumqayıtdan hər səhər və axşam Bakıya və geriyə çox böyük maşın axını müşahidə edilir. Bunların əksəriyyəti elə biznesləri Bakıda olanlardır. Bunun qarşısı alınmalıdır. Sumqayıtdan Bakı Avtovağzalına, oradan da şəhərə girmədən Lökbatana gedən metro stansiyası açılmalıdır. Bu, çox çətin layihə deyil. Metro xətti işləyəndən sonra insanlar stansiyalara qədər şəxsi avtomobillərlə gəlsə də, şəhərdə metro stansiyaları vasitəsilə hərəkətə üstünlük verəcəklər. Bu da bir çox problemin həllinə gətirib çıxaracaq.
- Sumqayıta açılan dəmir yol qatarı bu problemi azaltmadı?
- Yox qatar başqadır, metro başqa. Arada ciddi sürət fərqi var. Hazırkı qatar sürətli deyil, adi qatardı. O, metro alqoritmində işləyə bilməz. Amma açıq metro xətti 100 faiz effekt verə bilər. Bakı-Abşeron dairəsinə yeraltı yox, açıq xətt üzrə metro stansiyaları lazımdır.
Könül Cəfərli
Daha çox foto burada: Photostock.az
Rəylər