“Əgər hostel qonaqları yerləşdirmək üçün istifadə edilirsə, niyə mental dəyərlərimizə zidd olsun?!”.
Oxu.Az xəbər verir ki, bunu femida.az-a açıqlamasında ixtisasca etnoqraf və antropoloq olan Kərəm Məmmədov deyib.
O bildirdi ki, hostel, mehmanxana, motel funksiyalarını Azərbaycanda tarixən karvansaraylar yerinə yetirib:
“Karvansaraylarda həm karvan üçün, həm də mehmanxana olaraq tacirlər üçün xüsusi hücrələr olurdu. Hostel anlayışını Avropa bizdən öyrənib. İpək yolunun üzərində ta Avropaya qədər karvansaraylar olub. Ən geniş karvansaray şəbəkəsi isə I Şah Abbas dövründə salınıb. Həmin vaxtlar İpək yolu Osmanlı ərazisindən keçirdi. I Şah Abbas isə İpək yolunun istiqamətini dəyişərək Bəndər Abbas limanından keçirdi. Yəni ticarət yolunun Aralıq dənizindən yox, Hind okeanından keçməsinə şərait yaratdı”.
Kərəm Məmmədov qeyd etdi ki, indinin özündə də karvansaraylar var.
“Suriyada olarkən hər bir kənddə qonaq evləri rastıma çıxdı”, - deyə o bildirdi.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov mətbuata açıqlamasında bildirib ki, hostellər xalqımızın mentalitetinə yaddır.
A.M.