Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsi Bakıda evi yandığı üçün küçədə qalan ailə ilə bağlı məlumat verib.
Komitədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış massivi, 3 nömrəli evtikmə kombinatının həyətində müvəqqəti məskunlaşmış ikisi Ağdam, ikisi Cəbrayıl rayonlarından olmaqla, dörd məcburi köçkün ailəsinin mənzilinə ziyan dəyib:
“Yanğın baş vermiş mənzillər məcburi köçkünlərin özləri tərəfindən taxta materiallarla, primitiv qaydada inşa edilib. Yanğından dərhal sonra Dövlət Komitəsinin aidiyyəti şöbəsinin əməkdaşları hadisə yerində olub, müvafiq tədbirlər görülüb. Hazırda onlar müvəqqəti olaraq mənzillərdə yerləşdirilib. Həmin ailələrə Biləsuvar, Ağdam, Şirvan və Kürdəmir rayonlarında yerləşən yeni qəsəbələrdə boş mənzillərə köçmək təklif olunub, lakin ailələr bundan imtina edib.
Bundan başqa, Komitə tərəfindən baş vermiş yanğın nəticəsində yaşayış sahəsi ziyan görmüş dörd məcburi köçkün ailəsinə dəymiş zərərin ödənilməsi ilə bağlı hökumətə müraciət ediləcək”.
17:36
“Bazar günü naqillərdə qısaqapanma səbəbindən yaşadığımız ev yanıb. Azyaşlı uşaqlarla küçədə qalmışıq”.
Bu barədə Oxu.Az-ın redaksiyasına müraciət edən vətəndaş Fərid Vahid oğlu Kazımov məlumat verib.
Əslən Ağdam rayonundan olan F.Kazımov qeyd edir ki, bazar günü saat 16:00 radələrində yaşadığı ev alışıb yanıb:
“Paytaxtın Binəqədi rayonu Cəfər Xəndan küçəsində mənim və evimizin yaxınlığındakı daha üç ev yanıb. Evdən heç bir əşyanı çıxarda bilməmişik. Əraziyə aidiyyəti qurumların nümayəndələri tərəfindən baxış keçirilib. Lakin biz neçə gündür bir gün o qonşunun, bir gün bu qonşunun evində qalırıq. Uşaqların paltarlarını da götürə bilmədik. Evdə təxminən qiyməti 15-20 minlik mebellərimiz yandı. Heç biri lazım deyil, yağış yağır, soyuq havada ailəmlə küçələrdə qalmışam. Mənə heç olmasa qalmağa bir yer versinlər”.
Könül Cəfərli
FOTO: Kərim Abbasov