Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Gəmilər gedər aydın üfüqlərə”: Sükanı möhkəm saxlayanlarla bir gün... - REPORTAJ + FOTO
Deyirlər ki, hər gün insanın ümid adlı limanından bir gəmi yola düşür, azadlıq üçün, yaşamaq üçün, fırtınaya inad, dalğaya inad, ölümə inad.
Bugünkü qəhrəmanlarımız ümmanlara hökm edən “dəniz fatehləri”dir.
Onlar dənizə çıxdılarsa, səmt küləyi arzulanır. Bu da gəminin təhlükəsiz istismarı üçün ən əlverişli hava şəraiti sayılır.
Bu gün macəralarla dolu, həm də çətin və şərəfli peşə sahiblərinin, fırtınalara, dalğalara qarşı mübariz gəmilərin sükanını möhkəm saxlayanların günüdür.
Oxu.Az-ın əməkdaşları gəmidə səfərlər zamanı bütün məsuliyyəti çiyinlərində daşıyan fədakar kapitanlardan biri Vasif İsayev ilə söhbətləşmək üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasında olublar.
Kapitanın çalışdığı donanma Xəzər dənizində neft-qaz hasilatı proseslərinin təmin edilməsi, o cümlədən dəniz özüllərinin, estakadaların tikintisi, geoloji kəşfiyyat, neft-qaz kəmərlərinin çəkilişi, onların istismar dövründə təmiri, neft obyektlərinin yanğından mühafizəsi, neftçilərin iş yerlərinə çatdırılması kimi işləri yerinə yetirir, gəmilərin texniki istismar qaydalarına müvafiq olaraq onların vaxtında və keyfiyyətlə təmir edilərək Dəniz Registrinə təqdim olunması üçün tədbirlər görür, dəniz dibində və təkində mineral ehtiyatların kəşfiyyatı və hasilatı ilə əlaqədar digər xidmətlər göstərir.
Xəzər Dəniz Neft Donanmasının tərkibinə 190-dan çox müxtəlif təyinatlı gəmi daxildir. Təcrübəli kapitan Vasif İsayev isə onlardan birində - “Lütoqa” gəmisində işləyir. Bu gəmi təchizat-yedək gəmisidir.
Donanmaya yaxınlaşan zaman ilk olaraq nəzarətçilər bizim şəxsiyyət vəsiqələrimizi yoxlayıb, gəmiyə buraxılış üçün sənəd təqdim edirlər.
“Lütoqa” gəmisinin girişində bizə təhlükəsizlik qaydaları izah edilir. Daha sonra gəminin “düşünən beyni” sayılan kapitan körpüsünə qalxırıq.
Gəmi buradan idarə edilir. Gəminin sükanı və xarici əlaqələr yaratmaq üçün telefon qovşaqları, dənizin dərinliyini öyrənmək üçün exolot deyilən cihaz da burada yerləşir. Dənizdə dalğa, külək olanda gəminin sola-sağa neçə dərəcə getdiyini göstərən xronometr cihazı da buradadır.
Otuz altı ildir ki, dənizçi olan və hazırda “Lütoqa” gəmisinin kapitanı kimi çalışan V.İsayev deyir ki, qohumunun geyindiyi forma onun bu peşəyə diqqətini çəkib:
“Əmim oğlunun geyindiyi forma çox xoşuma gəlirdi. Dənizdən çox danışırdı. Mən də bu peşəyə vuruldum. Böyük əmim də dənizçi olub. 1983-ci ildə dənizçilik məktəbinə daxil oldum. 1987-ci ildən isə işləyirəm. Mən artıq dənizə vərdiş etmişəm. Dənizdə işləmək üçün müəyyən sertifikatlar, təcrübə lazımdır. Əldə etdikdən sonra çalışırsan.
Dənizdən kənara getdikdə darıxıram. Biz bu peşənin çətinliyi bilərək seçmişik. Bu sahəni seçən şəxs ürəkli, dözümlü olmalıdır. Bu peşənin çətinliyindən biri də odur ki, ailədən uzaq düşürük. Amma onlar da bizim peşəmizi sevdiyimizi bilirlər və öyrəşiblər”.
“Lütoqa” gəmisində növbəli şəkildə 18 nəfər heyət üzvü çalışır. Heyət səfərə başlayan zaman iş qrafiki növbəli şəkildə olur.
Kapitandan sonra iki heyət - mühəndis heyəti və kapitanın köməkçiləri olur. Bundan sonra sıravi heyət, maşın bölməsinin heyəti və göyərtə heyətinin sıravi üzvləri gəmidə olurlar.
Deyirlər ki, Xəzər dənizində təcrübən varsa, başqa dənizlərdə üzmək elə də çətin olmayacaq...
Kapitan deyir ki, Xəzər dənizi çox dalğalanır, külək əsdiyi üçün belə deyilir və düzgündür:
“Külək olan zaman hava şəraitini gözləyərək hərəkət edirik. Burada diqqətli, səriştəli olmaq lazımdır. Dalğalar tez-tez olur. Mən öz təcrübəmdən deyə bilərəm ki, Xəzərdə gəmini idarə etdinsə, digərlərində də alınar. Bir neçə dəfə küləkli havada buruqlar tərəfdə olan adamları xilas etmişik”.
Gəmilər səfərə çıxmazdan əvvəl texniki, elektrik və təhlükəsizlik sahələrində mütəxəssislər tərəfindən ciddi yoxlamalar aparılır.
Aidiyyəti şöbələr üzrə mütəxəssislər bütün yoxlamaları yekunlaşdırdıqdan sonra gəmi kapitanına gəminin vəziyyəti ilə bağlı məlumat verirlər. Əgər problem varsa, gəmi səfərə buraxılmır.
Əsrlərlə belə bir adət, hətta etika qaydası formalaşıb - gəmini ən son kapitan tərk etməlidir...
Həmsöhbətim bu fikirlə razıdır və deyir ki, gəminin bütün heyətinin məsuliyyəti kapitanın üzərindədir:
“Kapitan hamını düşünməlidir. Gəmi dənizə açıldıqda heyət olaraq hamı “biz” deməlidir. Hadisə oldu, qaçdın, getdin və heyət qaldısa, sən niyə kapitansan?!. Yaxşı kapitan bir hadisə olan zaman heyəti, sonra isə öz canını xilas etməlidir. Dəniz həyatı zarafatı sevmir. Ona görə işi görən zaman məsuliyyətli olmalısan”.
Ta qədimdən dənizçilərin və gəmi inşa edənlərin maraqlı mərasim və adətləri olub. Gəminin dor ağacı altına qızıl və ya gümüş sikkə qoyulub və üzgüçülük zamanı şər qüvvələrin qarşısını almağa kömək edəcəyinə inanılıb…
Gəmilərdə şampan şüşəsinin tıxacı da yerləşdirilir.
V.İsayev deyir ki, gəmilərin təntənəli surətdə suya salınması maraqlı mərasimdir və bu da o zaman edilir:
“Bu zaman gəminin göyərtəsində şampan şüşəsi sındırılır. Sözügedən mərasim gəmini “möhkəmləndirmək” anlamına gəlir. Orta əsrlərdə İngiltərədə gəmini suya salarkən qızıl fincanda şərab gətirərmişlər. Şərabı içər, fincanı isə dənizə atarmışlar.
Qədim romalılar isə təzə tikilən gəmini şərabla yuyarmışlar. Sonradan qənaət məqsədilə yalnız bir butulka qırmızı şərab, daha sonra gəminin bortunda sındırılan şampan şüşəsi ilə kifayətləniblər. Belə adətlər çox olub”.
“Qadın dənizdə bəladır” deyimi ilə isə qadın razı deyil:
“Gəmidə qadının uğursuzluq gətirdiyi deyimi ilə razı deyiləm. İşində peşəkar oldunsa, qadın və ya kişi - fərqi yoxdur. Qadın kapitan körpüsünə daxil olursa, külək, uğursuzluq gətirəcəyi fərziyyəsinə inanmıram. Bizimlə çalışan qadın aşpazlar var. Kapitanlar da olsa, əla olar”.
Biz də əngin dənizlərin fədakar qəhrəmanlarına səmt küləyi arzulayıb, gəmini tərk edirik...
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
"ASCO" teqi üzrə xəbərlər
- Azərbaycanda dövlətə məxsus 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq
- Xəzər dənizində bədbəxt hadisə - Ölən var
- İşdən çıxarılan rektorun YERİNƏ TƏYİNAT
- Azərbaycan TARİXİNDƏ İLK: Üçrəngli bayrağımız altında üzən gəmi ABŞ limanında
- İlham Əliyev "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak edib
Rəylər