Məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifələri üzrə yerdəyişmə müsabiqəsinə start verilir.
Oxu.Az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, yerdəyişmədə iştirak etmək istəyən məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimləri müvafiq qaydalar gözlənilməklə 17 aprel saat 14:00-dan 23 aprel saat 18:00-dək müvafiq sənədləri yerli təhsil sektorlarına təqdim edə bilərlər.
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi ilə bağlı müraciətlərə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim edildikdə baxılır.
Tələb olunan sənədlər:
- şəxsiyyət vəsiqəsinin surəti;
- təhsil haqqında dövlət sənədinin (diplom) surəti;
- əmək kitabçasının surəti;
- şəhid ailəsinin üzvü olmasını təsdiqləyən sənədin surəti;
- yerdəyişmənin səbəbini təsdiqləyəcək dövlət qurumlarından əldə edilmiş arayışlar (yaşayış yerinin dəyişməsi, yoldaşının iş yerinin dəyişməsi, tibbi göstərişlərə əsasən və s.).
Sənədlər göstərilən tarixdə yerli təhsil sektorlarına təqdim edilməlidir.
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi zamanı bir vakant yerə birdən çox müraciət olduqda namizədlərə aşağıdakı ardıcıllıqla üstünlük verilir:
- şəhid ailəsi üzvlərinə;
- daha yüksək təhsil pilləsini (səviyyəsini) bitirənlərə;
- pedaqoji stajı daha çox olan tərbiyəçi-müəllimlərə.
Qeyd etmək lazımdır ki, qeyri-ixtisaslı tərbiyəçi-müəllimlər yaşayış yerindən asılı olmayaraq yerdəyişmədə iştirak edə bilməz.
Gəncə şəhəri üzrə olan vakant yerlərə yalnız Gəncə şəhərində çalışan tərbiyəçi müəllimlər yerdəyişmə edə bilərlər.
Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifələri üzrə qeydiyyat linki və vakant yerlərin siyahısı:
Tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.