Qan Turalı yazır...
“Məhəmməd peyğəmbər hazırda öz davamçılarına nəzər etsə, yəqin qoyduğu dini tanımaz”.
Bu sözləri yazan bir üləma ya şeyx deyildi, görkəmli Azərbaycan yazıçısı, kommunist Nəriman Nərimanov idi.
“Bahadır və Sona”da qəhrəmanların dialoqunda qeyd edilən bu problemlə bağlı Bahadırın öz mövqeyi də vardı.
Ancaq bu haqda bir az sonra...
Nərimanovun 1896-cı ildə qoyduğu bu problem XXI əsrin elə ilk illərindən bütün dünyada müzakirə edilməyə başlandı.
Dünya Ticarət Mərkəzinə yönələn dəhşətli terror aktı, ardınca İŞİD-in başkəsmə, qəfəsdə yandırma filmləri, “Taliban”ın törətdiyi əməllər, Avropanın mərkəzində baş verən silsilə terror aktları insanlarda bu sualı yaratdı: “Doğrudan da islam budur?”
(Baş verən bu proseslərdə imperializmin məsum olduğunu düşünmürəm, ancaq mövzumuz bu deyil)
“Əsl islam bu deyil”lə “Əsl islam budur” arasında bəhrəsiz polemikalar da həqiqətin ortaya çıxmasını ləngitməkdədir.
Müsəlmanlar Quranın peyğəmbər dövründən bir sözünün belə dəyişmədən bu günlərə qədər gəldiyini deyirlər.
Ancaq məsələ bunda da deyil. Məsələ şərhdədir... Əvvəlcə sadə məsələlərdən başlayaq. Nə qədər absurd görünsə də Quran Azərbaycan dilinə İncildən sonra tərcümə edilib. Xalqımız Quranı 1992-ci ildə öz dilində oxuya bildi. Üstəlik, Quranı anlamaq, onu təfsir etmək, eləcə də minlərlə hədisi bilmək, metodologiyasını dərk etmək çox nadir insanların səlahiyyətində idi. Xristianlığın reformasiya hərəkatının lideri Martin Lüterin gördüyü ilk işlərdən biri İncili alman dilinə tərcümə etmək olmuşdu.
Ancaq Quranı dilimizdə oxumaq heç də İslamı dərk etmək mənasına gəlmir, bunun üçün ondan artıq dini elmə də vaqif olmaq gərək idi. İslam dinində ayrıca bir ruhani sinfi anlayışı yox idi. Osmanlı və Səfəvilərdə də şeyxülislamı sultan və şah təyin edirdi. Vatikanın müqəddəs kitabı şərh etmək funksiyasını dövlət özü yerinə yetirirdi və söz yox ki, bu şərh onun maraqlarına uyğun olmalı idi. Nərimanovun vəd etdiyim sitatını bura qoyuram: “Xalq ancaq mollalara inanır, yəni molla nə desə, xalq ona əməl edir. İslamın və millətin evini yıxan bu deyilmi?”
Nəinki ərəb dilini və dini elmləri heç öz dilində yazıb-oxumağı bacarmayan insanlar din xadimlərinin verdikləri şərhlərlə islamı öyrənirdilər. Şeyx Nəsrullahın sağ əli Şeyx Əhməd tez-tez onun qulağına “Ərəbcəyə keç, ərəbcəyə” deyə pıçıldamırdımı? Çünki ərəb dilini sadə insanlar başa düşmürdü və başa düşmədikləri üçün o dildə səslənən hər söz onlara müqəddəs, sakral gəlirdi.
Bu mənada insanların Quranla yox, onun şərhi ilə tanış olduğunu qeyd etdikdən sonra dərin mübahisələrə dalmadan şiə və sünnilərin eyni Qurana əsaslanaraq fərqli hökmlər çıxartdığını xatırlayaq. Peyğəmbərin vəfatından sonra əshabələri arasındakı konfliktlər, Ayşə ilə Əli arasında Cəməl döyüşündən başlayaraq Kərbəla faciəsinə qədər tarixi-siyasi (dini yox) hadisələr də sünni və şiələr arasında müxtəlif cür şərh edilir.
Yəni, şərhlər də bir-birindən fərqlənir...
Üstəlik, şərh vermə metodologiyası da fərqlidir.
Bir qisim üləma dini hökmlərini şərh edərkən dövrün şərtlərini nəzərə almış, digər bir qismi isə bütün hökmlərin olduğu kimi heç bir şərhə imkan vermədən tətbiq edilməsini təklif etmişdir. Bu barədə ən maraqlı misal Əhməd ibn Xənbəlin mövqeyidir. Belə ki, ömrü boyu qarpız yeməyən alim bunun səbəbini peyğəmbərin qarpızı necə yediyini bilməməsi ilə əsaslandırıb. Buna görə özü də qarpıza əl uzatmayıb.
Məsələnin mürəkkəbliyini anlatmaq üçün “Taliban”ın da hənəfi məzhəbindən olduğunu, bu məzhəbin imamı olan Əbu Hənifənin dini hökmləri zəka yolu ilə və dövrün şərtlərini nəzərə alaraq verdiyini xatırlayaq. Ancaq “Taliban”ın işində zəkadan əsər-əlamət olmadığı da ortadadır. İŞİD və “Əl Qaidə” kimi təşkilatlar isə İbn Xənbəlin görüşünü bölüşür... Nərimanovun 125 il əvvəl qoyduğu problem bu gün qlobal miqyasda bizim qarşımızda dayanır. Və bu fərqli şərhlər təkcə dinlərə yox, eləcə də fəlsəfələrə, siyasi ideologiyalara da aiddir.
Hegelin ölümündən sonra Heyne onun dilindən belə yazmışdı: “Məni bircə adam anladı. Ancaq o da səhv anladı”.