Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Hamının əkiz kimi tanıdığı şəhid qardaşların atası: “Onları Allah belə ayırmadı...” - REPORTAJ + FOTO
Ötən ilin bu günlərində ermənilər Azərbaycana qarşı növbəti dəfə təxribat törətməyə cəhd etdi. Bu, artıq Azərbaycan Ordusunun, xalqının səbrini daşdıran son məqam oldu. Azərbaycanın ərazi bütövlüyü uğrunda Vətən müharibəsinin başlamasından bir il ötür...
Hələ də Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər gün azad edilən torpaqlarımız barədə əhaliyə müraciət etdiyi günlərdəki tək sevincliyik. Bu sevinci bizə yaşadan isə torpaqlarımızı qanı bahasına geri alan şəhidlərimizdir.
Tarixə bu şərəfli səhifəni yazan igid oğullarımızı uşaqdan böyüyə heç kim unutmayıb. Çünki, şəhidlər unudulmaz. 44 günlük Vətən müharibəsi zamanı gələn hər şəhid xəbəri ürəyimizi dağladı. Onlardan biri də hər kəsin əkiz şəhid qardaş kimi tanıdığı İman və Bəhram Məmmədovlar oldu. Bir evin iki igid oğlu Vətən müharibəsində qəhrəmancasına canlarından keçdilər.
Əslində, İmran və Bəhram əkiz deyildilər. İmanın 22, Bəhramın 20 yaşı vardı. Təhsillərini davam etdirmək üçün qarşılarında çox gözəl şansları olan bu iki qardaşı yaşadıqları Rusiyadan Azərbaycana Vətən sevgisi qaytarır. Atalarına “Vətənə borcumuzu ödəməyə gedirik, təhsilə sonra davam edəcəyik” deyən qardaşlar, o gün tarix yazdılar...
Şəhid qardaşların valideynlərinə baş çəkmək üçün yola çıxdıq. Yollar bizi Binə qəsəbəsinə gətirdi. Bir vaxtlar bəlkə də qəsəbə sakinləri orada belə qəhrəman iki oğulun yaşadığından xəbərsiz idi. Lakin bu gün məntəqədə İman və Bəhram qardaşlarının evini tanımayan yoxdur.
Hətta şəhidlərimizin evinə aparan küçəni bütün qəsəbə sakinləri “Şəhid qardaşlar küçəsi” adlandırır. Küçənin yeni adı hələ rəsmiləşməsə də, amma hər kəs aidiyyəti qurumlardan bu məsələnin həll olunmasını istəyir. Küçənin girişində İman və Bəhramın foto-lövhələri vurulub, burada bulaq istifadəyə verilib.
Nəhayət, ağır olsa da Məmmədovlar ailəsinin qapısının önündəyik. Yol boyu isə sözə necə başlayacağımı düşünürdüm...
Qapıda bizi şəhidlərin atası Elman Məmmədov qarşıladı. Onun gözlərindəki kədərə rəğmən qürurlu, dik dayanmağa çalışmasını gördüm. Onun ilk sözü isə “İmanla Bəhramın evinə xoş gəlmisiniz” oldu...
Əslində valideynləri deyir ki, uzun illər ölkə xaricində yaşadıqları üçün bu evdə İmanla Bəhramın çox xatirəsi yoxdur. Lakin buna baxmayaraq, ev başdan-başa qardaşların şəkilləri, əşyaları ilə bəzədilərək muzey halına gətirilib...
Oxu.Az-ın əməkdaşları şəhid qardaşlar İman və Bəhram Məmmədovların ailəsinə baş çəkib.
Ataları deyir ki, qardaşlar əkiz olmasalar da, uşaqlıqdan heç kim onları bir-birindən ayırmayıb:
“İman və Bəhram uşaqlıqdan təkcə qardaş kimi deyil, həm də dost kimi böyümüşdülər. Məktəbə, idmana bir yerdə gediblər. Onların bir-birindən sonra ən yaxın dostları anaları və mən idim. Onlar orta məktəbi də, tələbəlik illərini də xaricdə yaşayıblar. Heç kim onları bir-birindən ayrı görməzdi, ona görə də elə bilirdilər ki, əkizdilər. Tələbə adına sahib oldular, diplomlarını aldılar. Hər ikisi təhsilini davam etdirmək istəyirdi. Amma bir anda Azərbaycana qayıtmaq istədilər. Qardaşlar “Vətənə borcumuz var, onu ödəməliyik, təhsilə sonra davam edərik” deyincə, mən onlara etiraz etmədim. Onlar Azərbaycandan kənarda böyüsə də hər zaman torpağına, millətinə bağlı olublar. Övladlarımın torpağı sevdiyi qədər, torpaq da onları sevdi ki, ikisini də qoynuna aldı...”.
Lerik rayonu Kəlbəz kəndində anadan olan qardaşların arzusu şəhidlik olub. Atası deyir ki, onları həqiqi hərbi xidmətə yola salan günə qədər bu fikirlərindən daşındırmağa çalışıb:
“Uşaq vaxtlarından hər ad günlərində onlara silah almağımı istəyirdilər. Deyirdilər ki, bizə silah al, o silahla da əsgər gedəndə düşmənləri məhv edib torpaqlarımızı geri alaq. Hər ikisi idmana həvəsli idi. İstər fiziki, istərsə də mənəvi baxımdan zəngin və güclü uşaqlar idilər. Çağırış vaxtı gəldi və onları əsgərliyə yola saldım. Hər gün onlarla əlaqə saxlayırdım. Sentyabrda müharibə başlayanda artıq qardaşlar mənimlə gec-gec danışmağa başladılar. Hər gün onları ziyarət etmək istədiyimi bildirsəm də, onlar buna etiraz edirdilər. Deyirdilər ki, gəlməyin. Oktyabrın 13-ü səhər saat səkkizdə özləri bizə zəng etdi, yenə dedim ki, ana ilə gəlmək istəyir və sizi görmək istəyirik. O zaman dedilər ki, “gəlmək istəyirsinizsə, bu gün mütləq gəlin”... Sən demə, həmin gün onların bizimlə son görüşü imiş, xəbərsiz olmuşuq”.
Ataları bildirir ki, uşaqların olduğu heyətdə 200 nəfərə yaxın adam var idi: “İmanla Bəhrama nə pay aparırdıqsa elə edirdik ki, bütün heyətə çatsın”.
O gün 4 saat valideynləri ilə vaxt keçirən şəhid qardaşların müharibə bölgəsindən gəldiklərini ataları belə hiss etməyib. Bəhram qolundan xəsarət alsa da, yarasını gizlədib ki, anası narahat olmasın.
E.Məmmədov deyir ki, övladlarını qucaqlayan zaman Bəhram qolunu bir az əzdiyi üçün atasından yavaş tutmağı xahiş edib: “Həmin vaxt anlamamışdım. Düşünmüşdüm ki, uşaqdır, yəqin ki, idman edəndə əzib. Onlarla vidalaşdıq getdik. Bizdən sonra yenidən müharibə bölgəsinə qayıdıblar. İlk döyüşləri Füzulidən başlayıb qardaşların. Bəhram elə orada qolundan yaralanıb. Onu tibb maşınına qoyub aparmaq istəyəndə qapını açıb və qaçaraq geri dönüb ki, qardaşını tək qoymasın. Daha sonra Cəbrayıl istiqamətində döyüşlərə qoşulublar. İmanla Bəhram Hadrutda, Xocavənddə də birlikdə çiyin-çiyinə döyüşüblər. Bütün hərbi heyət onların birliyinə heyrət edib. Fürsət olduqca bizimlə əlaqə yaradırdılar, salamat olduqlarını deyirdilər. Üç gün onlardan xəbər ala bilmədik, artıq mən narahat idim. Oktyabrın 1-də səhər saatlarında zəng gəldi. Ana narahat olmasın deyə evdən uzaqlaşdım. Əsgər dedi ki, əmi, əkizlər şəhid oldu...”.
Ataları deyir ki, Xocəvənddə, Qırmızı bazar istiqamətində 14 nəfərlik heyət mühasirəyə düşür. İman və Bəhramın da olduğu 14 nəfərlik heyətdən 11 nəfər şəhidlik zirvəsinə ucalıb:
Şəhidlərin arasından Bəhramı tanıdım, amma İmansız onu götürmədim...
“Mənə dedilər qardaşlar Füzulidədir. Amma mən Beyləqanda şəhidlərin yanına gedəndə, Bəhramı gördüm. İmanı isə tapmadım. Onlar düşünüb ki, ikisini də eyni anda o vəziyyətdə görməyə ürəyim dözməz. Amma Allah mənə elə bir səbr verdi ki, dözdüm. İndi də anlamıram ki, necə dözdüm. Onlara dedim ki, mən oğullarımı heç vaxt bir-birindən ayırmamışam. İndi də onları bağrıma ayrı-ayrı basmayacam. İmanı mənə gətirin...
Bəhram snayper gülləsi ilə qolundan, ürəyindən vurulmuşdu. İman hər iki ayağından və ürəyindən vurulmuşdu. Əsgərlər danışır ki, İmanın qarşısını almaq olmurdu. Düşmənin üstünə elə yeriyirdi ki, qarşısını almaq mümkünsüz idi. Əsgər yoldaşları dedi ki, birinci İman vuruldu ayağından. Amma güllədən gizlənmədi. Bəhram tez jqutu çıxarıb İmanın ayağını bağlayıb. Sonra o biri ayağından yaralanıb. Bəhram görüb ki, İman artıq can verir, tez özünü qardaşının qabağına atıb. Snayper gülləsi kürəyindən girib ürəyindən çıxıb. Onları uşaq vaxtlarından heç nə və heç kim ayıra bilmədi. Müharibədə də birlikdə döyüşüb, bir yerdə şəhid oldular. Onları Allah belə ayırmadı...”.
Qardaşları son dəfə Füzulinin Gülmahmudlu kəndində bağrına basan ana deyir ki, qoxuları hələ də onun üzərindədir. Onun sözlərinə görə, hər iki oğlu sonuncu dəfə boynuna elə möhkəm sarılıb ki, vidalaşdıqlarını indi başa düşür:
“Ana, arzuladığım tüfəngi mənə almadınız, özüm qazandım”
“Heç vaxt çətinliklərini bizə bildirmədilər. İman həmişə deyirdi ki, ona tüfəng alaq. Həmişə də deyirdi ki, Vətən uğrunda şəhid olmaq istəyir. Balam arzusuna çatdı. O gün boynuma möhkəm sarıldı və dedi ki, dostlarımız şəhid olub, birdən mən də şəhid olsam, çalışın heç kim şəhidləri unutmasın.
Onun həmin sözü ürəyim əsdirdi. Alnımdan öpüb getdilər. O gediş birdəfəlik oldu, onları bir də görmədim. Şəhid olduqlarını da ən sonda mənə dedilər. İmanla Bəhramı, digər şəhid övladlarımızı heç vaxt unutmayacağıq. Biz bu gün varıq, sabah yox olacağıq. İstərdim ki, onları hər zaman yada salsınlar”.
Azərbaycan xalqı 44 günə bir zəfər tarixi sığdıran igidləri, qaziləri, şəhidləri heç vaxt unutmayacaq.
Qeyd edək ki, İman və Bəhram Məmmədov qardaşları Ali Baş Komandanın müvafiq sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif ediliblər.
Könül Cəfərli
FOTO: Tapdıq Abdullayev
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb
- Azərbaycan Ordusunun hərbi qulluqçusu İngiltərədə təltif edilib
- İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Rəylər