Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi xidmətlərinin həyata keçirilməsinə dair yaranmış vəziyyətlə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aidiyyəti qurumlar və təsərrüfat subyektləri ilə görüşlər keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Agentlikdən bildirilib.
Qeyd edilib ki, görüşlər zamanı müzakirə edilmiş məsələlərlə əlaqədar olaraq hazırda rəqabət qanunvericiliyinin tələbləri çərçivəsində taksi xidmətlərinin göstərilməsi zamanı yaranmış vəziyyətin bütün hüquqi və iqtisadi tərəfləri ilə bağlı təhlillər davam etdirilir.
Məsələ ilə bağlı rəqabət orqanının apardığı təhlillər bazar subyektləri davranışlarının rəqabət qanunvericiliyi prizmasından dəyərləndirilməsi və istehlakçı hüquqlarının pozulması hallarının qarşısının alınmasına yönəlib.
Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan sərnişindaşımaların həyata keçirilməsi ilə bağlı yeni qaydalar qəbul edilib. Nəticədə hava limanından sərnişindaşımalar yalnız bu qaydalara tam cavab verən taksilər vasitəsilə həyata keçirilir. Taksi operatorlarının mobil tətbiqlərində hava limanına aid xüsusi sifariş kateqoriyaları yaradılıb. Bu kateqoriya üzrə qiymətlər isə yüksəkdir. Belə ki, aeroportdan şəhərə daşımalar 5-6 manatdan başlayır. 3-25 kilometr məsafələr üçün hər kilometrə görə ödəniş 80-95 qəpik, 26 kilometr və daha uzun məsafələrdə isə 70 qəpik təşkil edir. Əlavə olaraq, hava limanı ərazisində yeni taksi terminalı quraşdırılıb və bu terminal vasitəsilə taksi sifarişlərinə xüsusi tariflər tətbiq olunur ki, həmin tariflər də 20-30 manat arasında dəyişir. Qiymətlərin belə olması isə, vətəndaşların ciddi narazılığına səbəb olub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının taksi xidmətində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından Heydər Əliyev adına Beynəlxalq Hava Limanında keçirdiyi monitorinqə münasibət bildirib.
AYNA-dan sözügedən monitorinqlə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur:
"Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır".
Məhərrəm Əliyev
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Bildirilir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında 10 sentyabr 2025-ci ildən taksi xidmətinin həyata keçirilməsi sahəsində tətbiq edilən xüsusi tarif siyasəti nəticəsində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb.
"Monitorinq nəticəsində müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur.
Tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir", - məlumatda deyilir.
Qeyd olunur ki, Ombudsman tərəfindən vətəndaşların konstitusion hüquqlarının təmini, tariflərin şəffaf və ədalətli mexanizm əsasında formalaşdırılması, bütün lisenziyalı taksi xidmətləri üçün bərabər imkanların yaradılması, rəqabət mühitinin qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına monitorinqin nəticələri ilə bağlı müraciət ünvanlanacaq.