Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Hələ də “karton parçası”na ibadət edirik
Kubra Məhərrəmova yazır...
1980-ci illərin nəsli, elə özüm də içində olmaqla, çox bədbəxtdir. Biz nə o tərəflik olduq, nə də bu tərəflik.
Sovet düşüncəsinin qaydaları ilə yaşayan valideynlərin qadağaları, sovet məktəbinin müəllimləri ilə tərbiyə olunduq. Tərbiyə deyəndə ki – “səsini kəs”, “böyüyüyn yanında danışma”, “evə qonaq gələndə stoldan konfet götürmə”... Gözüqıpıq, başıqapazlı.
Birtəhər kiril əlifbasından latına keçdik. Üç nəfərə bir kitabla dərs oxuduq. Bir də xəbər gəldi ki, test imtahanı ilə ali məktəbə girmək olarmış. “Test nədir, nə ilə yeyilir” deyəndə də dedilər ki, kəs səsini, dərsini oxu.
Min zülümlə ali məktəbə girdik. Eynən kiril əlifbası ilə olan kitablardan latın qrafikası ilə referatlar yazıb, “zaçotka”nın ağzına da üç-beş “şirvan”dan qoyub kürkümüzü sudan çıxartdıq. Misir müəllimin öz “qayda-qanunu” ilə işə götürdüyü “müəllimlər” ordusu ilə baş edə bilmədik. Dörd ili başa vurub iş axtaranda məlum oldu ki, “salam-əleyküm, rəisə “şirinlik” vermək lazımdır ki, səni işə götürsün. Ya da yaxşı yerdən “zəng”.
“Şirinliyi” zəngə qatıb, ya da “şirin zəng” elətdirib hərəmiz bir mənasız idarədə işə düzəldik. Birtəhər ili-ilə satıb bu ayın borcunu o aya yazdırdıq. Nə valideynlərimizə bizdən bir xeyir gəldi, nə də övladlarımıza.
Bizdən sonra gələnlər daha açıqgözlü, daha cəsarətli oldular desək, doğru olar. Məqsədə çatmaq üçün hər üsula əl atdılar, açığı, düz də etdilər. Əyri-düz - fərq eləmir, axır, adam oldular. Ev də tikdilər, maşın da aldılar. Eyni ölkədə, eyni şəraitdə yaşamağımıza baxmayaraq, onlar daha tez tərpənib güzəran qurdular.
Bunlardan sonra gələnlər isə tam başqa nəsil oldu. Üç xarici dildə danışmaq, Amerika və Avropanın top universitetlərində oxumaq, startaplar qurmaq, milyonluq layihələrə qoşulmaq, xarici ölkələrdə vətəndaşlıq almaq və s. Bizimsə “uşaqda fərasətə bax” deməkdən başqa bir halımız qalmadı.
Bir də var, bu il məzun olanlar. Təbii ki, söhbət savadlı olanlarından gedir. Bütün günü məhəllədə it döyən yox. SAT və IELTS-dən elə nəticə toplayırlar ki, dünyanın aparıcı üniversitetləri arasında seçim edirlər. Gələn təkliflərlə razılaşmayıb, daha yaxşısını gözləyirlər. Biz 2000-ci ildə Bakıdakı hər hansı texnikuma düşsə idik, papağımızı göyə atırdıq.
İndi dediyim odur ki, dünya o qədər balaca olub ki, elmin varsa, hər yerə gedib çıxa bilərsən.
Bacarığın varsa, dünyanın aparıcı şirkətlərində təcrübə proqramı da keçə bilərsən. Yetər ki, oxu, öyrən. Məqsədin olsun.
Son dövrlər xaricdə təhsil almağa gedən tələbələrin üz tutduqları əsas istiqamət Türkiyədir. Türkiyə ali məktəbləri son dövrlər dünyanın top siyahısında yer alır. Onların məzunları dünyanın mötəbər elmi konfranslarında iştirak edir, yeni kəşflərlə meydana çıxırlar.
Bu qəbildən Səlcuq Bayraqdarı misal gətirə bilərik. Adam adını bir dünya brendi edə bildi.
Və ya Əziz Səncərin beyin xərçənginin müalicəsində inqilabi kəşfini dünyanın müzakirə etməsi. Bu siyahını çox uzatmaq olar.
Amma və lakin elm və təhsil əldə etmək üçün dünyanın bu boyda geniş imkanlar vəd etdiyi dövrdə biz hər il olduğu kimi, mövsümü olaraq rus və Azərbaycan bölməsinin “müharibə”sinə qoşulmuşuq. Hər il bu mövzu qabardılır, hər iki cəbhənin tərəfdaşları bir-birini lənətləyir, bəzi hallarda təhqir edir, lap ağır istiqamətdə gedən döyüşlərdə isə bir-birinə “vətən xaini” damğası vururlar. Son hadisələr fonunda isə rus dilini “işğalçı dil” də adlandıranlar az deyil.
Söhbət ümumiyyətlə sektor – yəni bölmədən getmir. Tərəqqi etmiş və düzgün cəmiyyətdə sektorun heç bir mənası yoxdur. Kimə hansı dil uyğun və asandırsa, o dildə də təhsil alsın. Bizim üçün maraqlı və narahatedici məqam isə o olmalıdır ki, bu təhsil səviyyəli olsun. Pulsuz və keyfiyyətli təhsil cəmiyyəti daha ədalətli edəcək. Orta məktəbdə rus-Azərbaycan bölmələrinin müharibəsi getməli deyil. Müharibə keyfiyyətli təhsil uğrunda getməlidir.
Və ümumiyyətlə, bizim cəmiyyətdə təhsilə qarşı münasibət dəyişməlidir. Əsas məqsəd “karton parçası” deyil, elçilik və cehizlik üçün vacib artefakt olaraq deyil, ali məktəbi bitirəndən sonra biliklər toplusunu harada və necə istifadə edəcəyimiz olmalıdır. Təəssüf ki, əksəriyyətimiz hələ də köhnə sovet təfəkkürü ilə yaşayır, sovet rejiminin dağılmasından 30 il keçməsinə baxmayaraq, hələ də “karton parçası”na ibadət edir.
Öz payıma deyirəm, bizim şansımız olmadı, arada batan nəsil olduq. Amma gənclərin imkanları genişdir. Dünyanı fəth etmək üçün də hər bir imkan var.
Vacib qeyd. Cəmiyyət olaraq nə qədər çox elmli olsaq, rus-Azərbaycan bölməsi arasında yaşanan müharibələr də olmayacaq. Bir-birinə “çuşka” deyənlər də. Çünki beynində ziya, elm olan kəs anlayır ki, dilindən, dinindən, irqindən asılı olmayaraq hər bir kəsin azadlığı onun hüquq və haqlarıdır.
Rəylər