Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hərbi qulluqçumuzun ölümü ilə bağlı cinayət işi başlanıldı
"Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Maqbet Xətai oğlu Məcidovun ölüm faktı əsasında Naxçıvan Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib".
Bunu Oxu.Az-a açıqlamasında Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev deyib.
O bildirib ki, fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib:
"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq".
Aytac Qasımova
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Maqbet Xətai oğlu Məcidova ilkin olaraq ildırımsürətli vaskulit diaqnozu qoyulub və o, həmin xəstəlikdən vəfat edib.
Məlumatda qeyd edilib ki, faktla bağlı araşdırma aparılır.
Əldə etdiyimiz məlumata görə, M.Məcidov 2020-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasından məzun olub.