Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yola çəkilən asfalt örtüyünün keyfiyyətsiz olduğu iddia edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayılıb.
Görüntülərdə asfalt örtüyünün vəziyyəti əks olunub.
Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli bildirib ki, iddia əsassızdır və küçədə təmir işləri yekunlaşmayıb.

"Qeyd olunan Elzar Yusifov küçəsində aparılan təmir işləri çərçivəsində mövcud asfalt-beton örtüyünün istismar nəticəsində yararsız vəziyyətə düşmüş üst aşınma qatı frezlənərək ərazidən kənarlaşdırılıb.
Avtomobil yollarının təmiri zamanı tətbiq olunan texnoloji ardıcıllığa uyğun olaraq, yeni aşınma qatının döşənməsindən əvvəl yol səthinin layihə göstəricilərinə uyğunlaşdırılması, mövcud nahamarlıqların aradan qaldırılması və tələb olunan eninə və uzununa maililiklərin təmin edilməsi məqsədilə hamarlayıcı asfalt-beton layı döşənir.
Hazırda ərazidə müşahidə olunan asfalt örtüyü yekun aşınma qatı deyil, məhz hamarlayıcı laydır. Növbəti mərhələdə bu layın üzərinə yolun ayrı-ayrı hissələrinin texniki vəziyyəti və layihə həllinə uyğun olaraq 5-7 sm qalınlığında aşınma qatı döşənəcək.
Bütün işlər təsdiq olunmuş layihə həlləri, qüvvədə olan tikinti norma və qaydalarının, eləcə də avtomobil yollarının təmiri üzrə texniki normaların tələblərinə uyğun mərhələli şəkildə həyata keçirilir. Yekun aşınma qatının döşənməsindən sonra yol örtüyünün tələb olunan hamarlığı, möhkəmliyi və istismar göstəriciləri tam təmin ediləcək", - deyə A.Nəcəfli vurğulayıb.