Günay Malikqızı yazır...
Heç kimə sirr deyil ki, dünya əhalisinin yarıdan çoxu nevrozdan əziyyət çəkir.
Bunun səbəblərinə dair araşdırmalardan misal gətirmədən deyə bilərik ki, gündəlik həyatımızın tempi nevrozun səbəblərini aydınlaşdırır.
Temp - yaxın keçmişdə çoxumuz məhz bundan narazı idik. “24 saat azdır”, “iş çoxdur”, “bilmirəm neçə yerə bölünüm ki, işlərimi çatdırım” kimi narazılıq etdiyimiz günləri indi şamla axtarırıq.
Bu gün evdə oturmaq məcburiyyətində qalan, liftin düyməsini belə içində qorxu ilə basan insanlar normal həyatlarını, yəni hər an narazılıq etdikləri o günləri arzulayır.
Amma elə insan olmaq budur. Əlindəkilərin qədrini bilmədən israf edən insan indi özü ilə üzləşməkdən çəkinir. Evdə oturmaq məcburiyyətindəyik, deməli, hamıdan çox özümüzlə tək qalacağıq.
Özümüz isə... İnsanları tualet kağızı üstündə saçyolduya çıxan iki qadın simvolizə etdi bu günlərdə...
İnsan yenə də şüuraltı olaraq öz “beşinci nöqtə”sini qorumağı hər şeydən üstün tutur.
Düşünür ki, virusdan özünü tualet kağızi ilə qurtaracaq.
Təəssüf, amma tualet kağızı beynimizin düşünmək imkanlarını da silib aparıb...
Artıq dünyada koronavirusdan müalicə olunan minlərlə insan var.
Amma nevroz və depressiv əlamətlərlə keçirdiyimiz bu günlər daha çox insanı xəstələndirir.
Özü də nevrozun, depressiyanın müalicəsi daha ağır və uzunmüddətli olur.
Görünən odur ki, bizi qarşıda koronavirussuz, ancaq depressiyadan çıxmaq üçün uzun reabilitasiya dövrü gözləyir.
Virusla mübarizə bitdikdən sonra psixoloqlara müraciətlərin 90%-i nevrozla bağlı olacaq.
İnsanların laqeyd münasibətini bilən dünya ictimaiyyəti koronavirusla qorxudularaq profilaktika üsuluna üstünlük verdi.
Ancaq biz özümüz maariflənərək profilaktika edə bilərik.
Bir müddət çölə çıxmayacağıq. Düşüncələrimizi də korona dustağı etməmək isə öz əlimizdədir.
Gülməli filmlərə baxaq, “Skype”la görüşlər təşkil edək, nə bilim, evdəkilərlə tamaşalar hazırlayıb, canlı efirdə hamı ilə paylaşaq.
Şəkərbura, paxlava bişirək.
İtalyanlar kimi mahnı da oxuya bilərik. Əminəm, bizim səsimiz onların səsindən daha yaxşıdır.
Bəlkə razılaşmayacaqsınız, amma virusu ələ salmaq da bizi şüuraltı sakitləşdirir.
Koronavirusun yaşatdıqlarının əhəmiyyətini anlayaraq, istənilən vəziyyətdə həyata pozitiv baxmaq şansımızı əldən verməyək.
Bu məsləhətləri həyat yoldaşı karantində olan biri kimi vermək elə də asan deyil.
Asan olmayacaq, ancaq mümkünsüz də deyil. İnam çox bəlaya qalib gəlib, bu dəfə də bizi əliboş qoymaz.
Bir-birinin saçını-başını yolan qadınlara da gülə bilərik, onlar hələ də suyun mövcudluğundan xəbərsizdir...