Qan Turalı yazır...
İranda üləmanın qorxusundan, avamın vahiməsinin ağzını aça bilərsənmi?
M.F. Axundov
İranla bağlı siyasi və ictimai müzakirələr şiddətlənir. Ona görə də İranı yaxından tanımaq və onun ölkəmizə mümkün təsirlərini qiymətləndirmək gərəkdir. Bunun üçün mərceyi-təqlid anlayışından başlamaq lazımdır.
Şiəliyin cəfərilik (isni əşariyyə də deyirlər) qolunda XVIII əsrin sonlarından etibarən mərceyi-təqlid institutu mövcuddur. Belə ki, hər bir cəfəri dövrünün mərcəyi-təqlid ünvanını almış alimlərindən birinin yolundan getməlidir. Yəni, ibadətləri belə onun risalələsində yazılan qaydada yerinə yetirilməli, onu özünə müəllim, şeyx kimi qəbul etməlidir. Hətta Şeyx Məhəmməd Təbatəbai mərcəyi-təqlidə uymayanların namazının belə qəbul edilmədiyini bildirir.
Sünniliyin məzhəb imamları əsrlər əvvəl yaşasa da cəfərilikdə mövcud olan bu sistemə görə mərcəyi-təqlid edilən şəxs sağ olmalıdır. O vəfat etdikdə isə başqa şəxs mərcəyi-təqlid seçilir.
Adətən, ayətullahlarla mərceyi-təqlidlər qarışdırılır. Ayətullahlıq bir növ elmi dərəcədir. İranda minlərlə ayətullah var. Mərcəyi-təqlidlər də onlar arasından seçilir. Hazırda dünyada əsasən İranda, bir qismi də İraqda olmaqla iyirmidən artıq mərcəyi-təqlid var. Onlardan biri də Xameneidir.
Bu məqama mənsub şəxslərin öz ardıcılları arasında möhkəm nüfuzu, mübahisəsiz avtoriteti olur. Cəfərilikdə mövcud olan xüms (20 faiz həcmində) vergini də məhz bu şəxslər toplayır. Mərcəyi-təqlidlərin ancaq mənəvi həyatla bağlı hökm çıxardığını düşünmək sadəlövhlük olardı. Belə ki, onlar siyasi mövzulara da aktiv şəkildə rəy bildirir və bu rəylə də öz ardıcıllarının düşüncələrini formalaşdırırlar.
Burda maraqlı bir tarixi paralel aparmaq zərurəti yaranır. Məlumdur ki, Mustafa Kemal (Onda hələ Atatürk deyildi) milli azadlıq mübarizəsini başlamaq üçün Anadoluya getdikdə Osmanlı şeyxülislamı onun və silahdaşlarının haqqında ölüm fətvası vermişdi. Digər cəhətləri sərfnəzər etməklə belə bir fətvanın İranda hər şeyi həll edəcəyi və liderin müvəffəq ola bilməyəcəyi aydındır. Çünki sünnilik sistemində şeyxülislam ancaq bir dövlət məmurudur. Şeyxülislam da fətvanı hökumətin tələbi ilə imzalamışdı.
İranın orijinal siyasi sistemi İran İslam İnqilabının lideri Xomeyninin vəlayəti-fəqih nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyəyə görə isə 12-ci imam zühur edənə qədər onun naibi ali dini rəhbərdir və onun vəzifəsi də imamın zühuru üçün münbit şərait hazırlamaqdır.
İran İslam Respublikası Konstitusiyasının 57-ci maddəsi dini rəhbəri icra, qanunverici və məhkəmə hakimiyyəti üzərində mütləq səlahiyyət sahibi kimi tanıyır. İran ordusunun, inqilab keşikçilərinin, polis və Bəsic sisteminin komandanını və yüksək rütbəli zabitlərini də vəzifəyə ali dini rəhbər təyin edir. Prezident seçkilərində namizədlərin təsdiqi onun səlahiyyətindədir. Onun icazə vermədiyi heç bir şəxs prezident ola bilməz. Və ali dini rəhbərin müvafiq hüquqi prosedurdan sonra prezidenti vəzifədən uzaqlaşdırmaq səlahiyyəti də var. Ali dini rəhbər Roma papası qədər dini gücü, Səudiyyə kralı qədər siyasi səlahiyyəti əlində toplayıb. Bu sistemi aydın şəkildə təsvir etmək üçün belə də demək olar: Ali dini rəhbər prezident, prezident isə baş nazir səlahiyyətlərini icra edir.
Burda tarixi bir epizodu xatırlatmaq da gərəklidir. Xomeyni 1985-ci ildə öz varisi kimi mərcəyi-təqlid Əli Müntəzirini seçmişdi. Ancaq əvvəlcə İran İslam İnqilabının səhvlərini ardınca isə şəxsən Xomeynini tənqid edən Müntəziri 1989-cu ildə xələflikdən uzaqlaşdırıldı, mərcəyi-təqlid adı da geri alındı.
Xomeyni vəfat etdikdə Xamenei İran İslam Respublikasının prezidenti idi. Yəni dini yox, siyasi vəzifə daşıyırdı. Onun ali dini rəhbər olması hüquqi baxımdan mümkünsüz idi. Çünki bu postda oturan şəxsin mərcəyi-təqlid olmaması şərti konstitusiyada təsbit edilib. Xamenei isə mərcəyi-təqlid deyildi. Və ümumiyyətlə, İranda mərcəyi-təqlid yox idi. Siyasi böhranın həlli üçün referendumla konstitusiyanın 107-ci maddəsi dəyişdirildi və ancaq bundan sonra Xamenei ali dini rəhbər ola bildi. Xomeynidən sonra yeganə mərcəyi-təqlid olan iraqlı Əli Araki vəfat etdikdən sonra Xamenei mərcəyi-təqlid elan edildi. Bu da sözügedən institutun nə qədər siyasiləşdiyini göstərir.
Bundan əlavə nüfuzlu şiə alimləri mərcəyi-təqlidlərin siyasi hakimiyyət tərəfindən müəyyən edilməsinin əleyhinə çıxır və eləcə də üləmanın siyasətdən uzaq olması fikrini müdafiə edirlər. Nüfuzlu mərcəyi-təqlid, Nəcəf şəhərində yaşayan Əli Sistani bu ideoloji müxalifətin əsas tərəfdarıdır. Onun nəzərinə görə siyasi hakimiyyət bu yolla müxalifləri prosesdən kənarlaşdırır, halbuki alimlər siyasətdən, siyasət də alimlərdən uzaq olmalıdır. Bir qisim alimlərə görə islami dövlət üləmaların rəhbərlik etdiyi dövlət yox, qanunlarının islami olduğu dövlətdir. Onlar imamlardan fərqli olaraq ali dini rəhbərlərin məsum olmadığını, onun da səhvlər edə bildiyini qeyd edərək ona verilən hüdudsuz hakimiyyətə qarşı çıxırlar. Livanlı mərcəyi-təqlid Məhəmməd Hüseyn Fəzlullah isə Xamenei mərcəyi-təqlid kimi qəbul etmədiyini açıqca bəyan edir. Bir sözlə, ali dini rəhbər postu ilə bağlı müzakirələr tam başa çatmayıb.
P.S. Məqalədəki dini məlumatların əksər hissəsi Türkiye Diyanet Vakfının nəşri olan “İslam Ensiklopediyası”ndan götürülüb.