Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Kamran Rəhimli: "Açılışı olacaq iki müəssisə iki milyon manata yaxın vəsaitə qənaət edib"
"Ölkənin sənaye potensialının inkişaf etdirilməsinə mühüm töhfə verən sənaye zonalarına sahibkarların marağı artmaqda davam edir. Belə ki, 2024-cü ilin 7 ayında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 20 sahibkarlıq subyektinə rezident statusu verilib. Qeydiyyata alınmış rezidentlər tərəfindən sənaye zonalarına ümumilikdə 118 milyon manatdan çox investisiyanın yatırılması, 1000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur".
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında İZİA-nın şöbə müdiri Kamran Rəhimli deyib.
O bildirib ki, cari ildə Sumqayıt Kimya Sənaye Parkında iki müəssisənin fəaliyyətə başlaması planlaşdırılır:
"Bunlar tikinti kimyəvilərin və "IVECO" markalı az, orta və çoxtonnajlı yük avtomobillərinin istehsalı müəssisələridir. Sözügedən müəssisələr tərəfindən Sumqayıt Kimya Sənaye Parkına 40 milyon manata yaxın investisiya qoyulması, 300-dən artıq əlavə iş yerinin yaradılması planlaşdırılır. Hər iki müəssisədə son tamamlama işləri aparılır, bu ilin sonuna yaxın bu müəssisələrin fəaliyyətə başlamaları nəzərdə tutulur. Bir maraqlı nüansı qeyd edim ki, bu müəssisələr rezidentlik statusu aldıqları andan etibarən sənaye parklarında sahibkarlar üçün təklif edilən güzəştlərdən yararlanırlar. Belə ki, onlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin ediliblər. Eyni zamanda sənaye parkının digər rezidentləri kimi 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.
Qeyd edim ki, hələ bu iki rezident tərəfindən tikinti işlərinin aparılmasına baxmayaraq, bunlar tətbiq edilən güzəştlərdən ancaq idxal ƏDV və gömrük güzəştləri nəticəsində iki milyon manata yaxın öz vəsaitlərinə qənaət ediblər".
Şöbə müdiri əlavə edib ki, Sumqayıt Kimya Sənaye Parkına sahibkarlar tərəfindən maraq böyükdür:
"Parkın ərazisi dövlət başçısının müvafiq fərman və sərəncamları ilə mərhələlərlə artırılıb. Ötən ay (30 iyul) dövlət başçısının müvafiq sərəncamı ilə parkın ərazisi 30 hektara yaxın artırılaraq 613 hektara çatdırılıb. Bundan başqa ümumilikdə sənaye zonaları haqqında məlumat verim ki, 2013-cü ildən etibarən sənaye zonaları üzrə ümumi investisiya həcmi 7.8 milyard manat olan 151 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6.8 milyard manatdan çox investisiya yatırılıb və 10 500-dən çox daimi iş yeri yaradılıb. Sənaye zonaları istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. Belə ki, 2015-ci ildən 2024-cü ilin I yarımili də daxil olmaqla sənaye zonalarında 13.5 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4.35 milyard manatlıq hissəsi ixrac edilib. Həmçinin 2024-cü ilin birinci yarımilində sənaye zonalarında 1.4 milyard manatlıq satış həyata keçirilib, bunun da 476.6 milyon manatlıq hissəsi ixracın payına düşür. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16.1%, ixracında isə 26.9% təşkil edib".
Məhərrəm Əliyev
"Sumqayıt Kimya Sənaye Parkı" teqi üzrə xəbərlər
- BYD şirkəti ilə elektrik mühərrikli avtobus istehsalının lokallaşdırılmasına dair sənəd imzalanıb
- Sumqayıt Kimya Sənaye Parkında İtaliya şirkəti ilə yaşıl layihə həyata keçiriləcək
- Baş nazirdən Sumqayıt Kimya Sənaye Parkı ilə bağlı SƏRƏNCAM
- Azərbaycanda il ərzində 100 ədəd yük avtomobili istehsal ediləcək
- Sumqayıt Kimya Sənaye Parkında yük avtomobillərinin istehsalı müəssisəsi fəaliyyətə başlayacaq
Rəylər