Azərbaycanda Ramazan ayının başlanması ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Şamaxı Rəsədxanası arasında fikir ayrılığı yaranıb.
Rəsədxana Ramazan ayının iyulun 9-da, QMİ isə 10-da başlayacağını açıqlayıb.
“Yeni ayın təzələnməsi və yeni ayın başlanması astronomik təqvimlə hesablanır. Bu il iyulun 8-də gündüz saat 12:16-da yeni ay təzələnəcək. Astronomik təqvimlə iyulun 9-dan Ramazan ayının birinci günü başlayır”.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib.
X.Mikayılov əlavə edib ki, Türkiyədə də Ramazan ayı iyulun 9-da başlayır. Azərbaycanda isə Ramazan ayının başlanması ilə əlaqədar fətvanın verilməsi QMİ-nin hüququdur. Onların fətvasına əsasən isə Ramazan ayı iyulun 10-dan başlayır.
QMİ-nin Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə isə rəsədxananın açıqlaması ilə razılaşmayıb. O bildirib ki, bu məsələnin Şamaxı Astrofizika Rəsədxanasına aidiyyəti yoxdur:
“Onların Ayla nə işi var? Onlar heç bilmirlər oruc nə deməkdir”.
QMİ-nin təqvim hazırlayarkən hansı mənbəyə, araşdırmaya əsaslanması ilə bağlı suala M.Seyidzadə belə cavab verib:
“Dünyanın yarısı ayın 9-u deyir, yarısı da 10-u. 10-u deyən biz, İran və bizimlə bərabər təxminən 100-ə yaxın ölkədir. Hansı ki burada üfüq bərabərliyi söhbəti var. Bizim öz hesablamalarımız, qanunlarımız var. O qanunlarla tərtib etmişik. Səudiyyə Ərəbistanı, Türkiyə ilə bizdə fərq var. Onlar ayın 9-dan, biz isə 10-dan götürürük”.
Şamaxı Astrofizika Rəsədxanasının QMİ ilə eyni ölkədə fərqli təqvim açıqlamasına isə İdarə rəsmisinin reaksiyası belə olub: “Şamaxı Rəsədxanası nə vaxtdan dini işlərlə məşğul olur? Gedib öz işləri ilə məşğul olsunlar. Onların hesablaması ilə bizimki düz gəlmir. Bizim mənbələrimiz dini mənbələrdir, daha bunu bu qədər çək-çevirə salmaq olmaz. Fətva verilib ki, 10-dan başlayırıq, vəssalam, qurtardı getdi! Biz şəriətlə gedən adamlarıq, təqvim, hesablamalar isə tamam başqa şeylərdir!”