Kubra Məhərrəmova yazır...
Mirzə Kazım bəy Rusiya İmperiyasında şərqşünaslıq elminin əsasını qoyanda Azərbaycanda heç də kasıb zümrədən olmayan xanımlar “Dərviş Məstəli şah”a inanır və onun Parisi partlatdığına şəkk-şübhə etmirdilər. O zamankı kişilər də təqribən o düşüncəyə malik idilər. Bunun əksini Mirzə Fətəli Axundovun əsərində görürük.
Niyə diqqətimi heç də kasıb olmayan xanımların üzərində saxladım? Çünki o zamankı kasıb zümrənin nə kişisindən, nə də qadınından sorğu-sual olunası deyil. Kasıb zümrə heç adını yaza bilmirdi.
Azərbaycanın Rusiya İmperiyasının bir hissəsi olmasına baxmayaraq, burada kütləvi savadsızlıq, xurafat hökm sürur, şüur və təfəkkür isə dinin hakimiyyəti altında idi. Bəlkə də, XIX əsrdə yaşayan azərbaycanlı üçün bu, normal idi və bununla rahat yaşayırdı.
Bu müsibətin içində nə möcüzə idisə, Azərbaycanda ziya sahibləri peyda olmağa başlamışdı. Özü də etnik azərbaycanlılardan ibarət. Məsələn, Abbasqulu Ağa Bakıxanov Əlahiddə Qafqaz korpusunda hərbi qulluğa girəndən sonra öz biliyi sayəsində Rusiya İmperiyasının ordusunda xidmət edərək, polkovnik rütbəsinə qədər yüksəlir. Bir müsəlman üçün bu, demək olar ki, qeyri-mümkün idi.
Rus, ərəb və fars dillərini mükəmməl bildiyi üçün 1819-cu ildə Bakıxanov Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə tərcüməçi vəzifəsinə qəbul olunmuş və 26 il bu vəzifədə çalışmışdı. Türkmənçayda Rusiya-İran danışıqlarında iştirak etmişdi. Bakıxanovun “Gülüstani-İrəm” əsəri isə tarix elmi üçün fundamental əsərdir.
Bakıxanovla bərabər, o dövrdə Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Qasım bəy Zakir, Mirzə Kazım bəy kimi ziyalılar böyük uğurlara imza atıblar. Diqqətinizi Mirzə Kazım bəyə çəkmək istəyirəm. Kim idi Mirzə Kazım bəy?
Azərbaycan, tatar, fars, ərəb, rus və türk dillərini mükəmməl bilən Kazım bəy 17 yaşında ərəb dilində “Ərəb dilinin qrammatikası təcrübəsi” adlı ilk əsərini yazıb. Həştərxanda yaşadığı dörd il ərzində isə ingilis, fransız, alman və qismən yəhudi dillərini öyrənib.
Kazım bəyi 1824-cü ildə Avropa elmlərini mükəmməl öyrənməsi üçün İngiltərəyə dəvət edirlər. Lakin rus hakim dairələri bu təklifin həyata keçməsinə imkan vermir. Bu da bir azərbaycanlıya qarşı Rusiya İmperasiyanın siyasətinin əsas hissəsi idi. Müsəlman inkişaf edə bilməzdi.
Lakin xüsusi biliyi və istedadı sayəsində Kazım bəy Kazan Universitetində ərəb-fars dilləri üzrə lektor (baş müəllim) təyin olunur. Vacib qeyd: Kazım bəy 26 yaşında ikən London Kral Asiya cəmiyyətinin həqiqi üzvü seçilir. İki il keçdikdən sonra fars dilində ərəb filologiyasına dair əsərinə görə Şərq dilçiliyi üzrə magistr dərəcəsi alır. 1835-ci ildə isə Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilir. 1849-cu ildə Sankt-Peterburq Universitetinin rəsmi dəvəti ilə Peterburqa gedən Kazım bəy orada fars dili ilə bərabər, ərəb dilini də tədris edir.
Şirvan və Dərbəndin qədim tarixinə dair “Dərbəndnamə” adlı çox mühüm əsərinə görə o, Peterburq Elmlər Akademiyasının nüfuzlu “Demidov” mükafatına layiq görülür. Sonralar bu əsərə görə Kazım bəyə Britaniya kraliçasının qızıl medalı verilir.
Bu qədər elmi uğurlarına baxmayaraq, Kazım bəyin həyatında ağlasığmaz bir məqam var. Belə ki, ailəsi ondan üz döndərir və kafir adlandırır. Bunun üçün isə XIX əsr azərbaycanlısına görə çox əsaslı səbəb var idi. Çünki Kazım bəy İslam dinindən imtina edərək, xristianlığa üz tutur. Bu, onun ruhani ailəsi və qazi olan atası Məhəmməd Qasım tərəfindən qəbuledilməz idi. Uzun müddət qohumları, ailəsi tərəfindən təhqir və təqiblərə məruz qalan Mirzə Kazım bəyə qarşı hətta iki dəfə sui-qəsd olunmuşdu. Səbəb isə dini etiqad idi.
Xristianlığın presviterian qolunu qəbul edən Kazım bəy daha sonra Aleksandr adını da alır. Elmi fəaliyyətinə məhz Aleksandr Kasımoviç Kazım bəy adı ilə davam edir.
Kazım bəy tarixə Rusiya şərqşünaslıq elminin banisi, dünya və rus şərqşünaslıq elmində silinməz iz qoyan alim kimi həkk olub.
Şəxsən mənim üçün XIX əsrdə qaranlıq və xurafatla dolu Azərbaycanda belə ziya sahibinin meydana çıxması, daha sonra Rusiya İmperiyasına və Avropaya elmi əsərləri ilə meydan oxuyan fenomen olması fantastik film kimidir. O zaman üçün islam dinindən imtina etmək kimi cəsarətli addım atan çox güclü şəxsiyyətin necə formalaşması daha maraqlıdır. Açığı, elə bu gün də Azərbaycanda kimsə islam dinindən imtina edib digər dinə keçsə, bu, birmənalı qarşılanmayacaq.
Lakin o dövrün Azərbaycanı üçün Mirzə Kazım bəy alim, şərqşünas, böyük mütəfəkkir kimi deyil, məhz atası, nəsli üçün “mənfur oğul” kimi yadda qalmışdı.
Bəzən isə bugünkü hadisələrə baxanda XIX əsrdən heç də uzağa getmədiyimiz məlum olur. Hələ də bəziləri üçün elm, bilik mücərrəd və lazımsız kimi görünür. İslam dininə etiqad etdiklərinə baxmayaraq, hələ də bir çox qadın və kişilərimiz “Dərviş Məstəli şah”a tapınır. Kimlərsə müəyyən pul müqabilində “Parisi partladır”, kimlərsə ruzi duası yazır, kimlərsə bəxt açır və s. Deməli ki, tələb olan yerdə təklif də olacaq. Kazım bəyin qəbri isə Sankt-Peterburq şəhərindədir. Zənnimcə, elə orada olması daha doğrudur. Çünki biz hələ onu ziyarət edəcək bir iş görməmişik.