Ölkəmizdə 800-ə yaxın iş yeri qadınlar üçün qadağandır. Daha onlarla peşədən isə qızlar cəmiyyətdə hökm sürən stereotiplərə görə qaçırlar. Buna baxmayaraq, ildən-ilə daha çox azərbaycanlı qadın “kişi”lərin sferasında peyda olur və orada uğur qazanır.
Media.Az Beynəlxalq Qadınlar Günündə stereotipləri qıraraq sevimli, lakin qadın sənətindən uzaq seçim edən qızlarla söhbət edib.
Onlardan biri futbolçu Aysun Seydiyevadır.
Aysun Seydiyeva uşaq vaxtı həyətdə oğlanlarla top qovmağı çox sevən şıltaq qız olub. Hazırda o, Azərbaycanın qadınlardan ibarət futbol yığmasının və Türkiyənin “Çaykur Rizəspor” klubunun üzvüdür. Aysun Seydiyeva ilə həyat yoldaşı - millinin müdafiəçisi Amin Seydiyev, eləcə də yaxınları fəxr edir. Lakin bu, heç də həmişə belə olmayıb.
Yolun əvvəlində valideynləri və qardaşı ona dəstək verməyib və yeddi yaşından sözün əsl mənasında qaçaraq məşqlərə gedib.
“Ailədə hamı mənim idmanla məşğul olmağımın əleyhinə idi. Anam hesab edirdi ki, mən oxumalıyam və mənasız, keçici həvəslərə vaxt itirməməliyəm”, - deyə o bildirib.
Futbolçu “Neftçi” İdman-Sağlamlıq Mərkəzində məşq edib və məşqçilərdən biri onun bacarığını görüb. O, iddialı qızın U-13 gənclər liqasına daxil olmasına kömək edib. Futbolçu oğlanlar arasında Aysun Seydiyeva Azərbaycanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Siyasət Əsgərovun diqqətini çəkib.
“Sınaq müddətini başa vurduqdan sonra 13 yaşımda mən milli komandaya qatıldım. Yalnız bu zaman ailə üzvlərim məni dəstəkləməyə başladı”, - deyə o bildirib.
Onun sözlərinə görə, oynadığı komanda intensiv məşq edir və əla nəticələr göstərir. Buna baxmayaraq, sözügedən idman növündə qadınları ciddi qəbul etmirlər.
“Təsəvvür edin, mən hələ də “futbol qızların yeri deyil” ifadəsini eşidirəm. Bu sözləri eşitmək məşqdə maneələri keçməkdən daha çətindir”, - deyə A.Seydiyeva qeyd edib.
O hesab edir ki, kişilər bu cür münasibəti yalnız müstəqil və heç kimdən asılı olmayan qızların qorxusundan göstərirlər. Lakin məhz “zərif” cinsin güclü ruhu çətinliklərə tab gətirməyə yardım edir.
