Ukrayna prezidenti Volodimir Zelenski Amerikanın ABC telekanalına müsahibəsində Rusiya tərəfi ilə bəzi məqamların müzakirə edilə biləcəyinin mümkünlüyünü açıqlayıb.
Dövlət başçısı “Krımı Rusiyanın bir hissəsi olaraq, həmçinin “DXR” və “LXR”i isə müstəqil subyekt kimi tanımaq olarmı?” sualına belə cavab verib.
“Biz müvəqqəti olaraq işğal olunmuş ərazilərin və Rusiya Federasiyasından başqa heç kim tərəfindən tanınmayan bu psevdorespublikalarla bağlı məsələləri müzakirə edə, onların gələcək taleyi ilə bağlı kompromis tapa bilərik. Mənim üçün ən önəmlisi bu ərazilərdə yaşayan və Ukraynanın bir parçası olmaq istəyən insanların gələcəkdə necə yaşayacağıdır. Ukraynada kim onları qəbul etmək istəyir? Ona görə də məsələ tanınmaqdan daha mürəkkəbdir”, - deyə V.Zelenski vurğulayıb.
O, həmçinin Rusiya prezidenti Vladimir Putini danışıqlara başlamağa və dialoq qurmağa çağırıb.