Martın 13-də Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə Azərbaycan ərazisində xüsusi rejimin tətbiqinə başlanılıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğu nəzərə alınaraq və virusun qarşısının alınması istiqamətində ÜST-ün tövsiyə və tələblərindən irəli gələrək, bu rejim tətbiq olunub.
Eyni zamanda, bir ay müddətində ölkədə bütün kütləvi tədbirlərin təxirə salınması qərara alınıb.
Koronavirusun qarşısının alınması məqsədilə ictimai iaşə obyektlərinin də 21:00-dan sonra fəaliyyəti qadağan edilib. Həmçinin, paytaxtda fəaliyyət göstərən idman zalları da bağlanıb.
Bu gün Azərbaycan Novruz bayramını qeyd edir. Bunun üçün bir neçə gün qalmış şorqoğalı, paxlava, şəkərbura bişirilir. Bu isə kökəlməyə səbəb olur.
İnsanların evdən çıxmadan da sağlam həyat tərzi sürməsi mümkündür.
Evdə olan zaman hansı hərəkəti etməli?
Pilates məşqçisi Gülnar Vəliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, koronavirusa qalib gəlmək üçün insanların immunitetini güclü saxlaması vacibdir:
“Hazırda dünyada geniş yayılan koronavirus pandemiyasına qarşı spesifik müalicə, onu yox edən dərman vasitəsi olmasa da, immuniteti gücləndirən qidalara üstünlük vermək virusa qarşı mübarizədə ən doğru yoldur. Bəzən insanlar elə düşünürlər ki, çox qida qəbul etməklə orqanizmin müqavimətini artırmaq mümkündür.
Bu, doğru deyil. İmmuniteti gücləndirmək üçün vitaminlərlə zəngin qidaları balanslı və mütəmadi şəkildə qəbul etmək lazımdır. İmmuniteti gücləndirməyin ən asan yolu sağlam həyat tərzi və düzgün qidalanmaqdan ibarətdir. Daha çox süd və süd məhsulları, dənli və paxlalı bitkilərlə qidalanmaq tövsiyə olunur. Xüsusilə də lobya güclü immunomodulyator (immun sistemini bərpa edir) sayılır”.
“Limon, kivi, itburnu, cəfəri, portağal, narıngi, şüyüdün tərkibində çox miqdarda askorbin (vitamin C) turşusu var ki, o da orqanizmin infeksiyalardan, soyuqdəymədən və digər zərərli faktorların təsirindən qoruyur. Dəniz məhsulları da immunitetin gücləndirilməsində böyük rol oynayır.
Qızılbalıq, tunes və sair balıqlarda orqanizm üçün çox xeyirli hesab edilən maddələr var. Omeqa-3 yağ turşularını da qəbul etmək məsləhət görülür”, - deyə G.Vəliyeva bildirib.
Məşqçi qeyd edib ki, bu günlərdə koronavirus infeksiyasından qorunmaq üçün evdə qalan şəxslər pilates hərəkətləri edə bilərlər:
“Pilates hərəkətlərini doğru şəkildə etmədikdə yaralanmalara və qalıcı xəsarətlər alınmasına səbəb ola bilər. Bu hallarla qarşılaşmamaq üçün evlərinizdə edəcəyiniz hərəkətlərin fundamental və sadə olması əhəmiyyət kəsb edir. Pilates döşəkçəsinin yerləşəcəyi qədər yer kifayətdir. Ancaq uzanıb qollarınızı açdığınızda hərəkət bucağınızı məhdudlaşdıracaq hər hansı bir maneə olmamasına diqqət etməlisiniz.
Evdə pilates ilə məşğul olarkən otağın yaxşı havalandırılması nəfəs məşqləriniz üçün çox önəmlidir. Çünki pilateslə məşğul olduğunuz zaman doğru nəfəs alıb-vermək çox önəmlidir. Ciyərlər dolana qədər alınan dərin nəfəs tam boşalana qədər verilməlidir, ancaq bu zaman lazımlı oksigeni almaq olar. Əgər evdə pilatesə yeni başlayırsınızsa, gündə 10 dəqiqə bu hərəkətlərə vaxt ayırın. İlk vaxtlar bu sizə az bir müddət gəlsə də, çətinlik çəkməməyiniz üçün uyğun zamandır.
Daha sonra bu müddəti 20, 30 dəqiqəyə çatdırmaq olar. Unutmayın, düzənli bu hərəkətləri etdikdə alınan nəticə bizi xoşbəxt edəcək”.
Sizə evdən çıxmadan ediləcək bir neçə hərəkəti təqdim edirik:
İlhamə Əbülfət