Son dövrlərdə Kürdə suyun səviyyəsi azalaraq kritik həddə çatıb. Bu vəziyyət su nasoslarının məhsuldar işləməsinə təsir göstərməklə yanaşı, mühafizə bəndlərinə də təhlükə yaradıb.
Baku.Tv xəbər verir ki, suyun səviyyəsinin aşağı düşməsi daha çox çayın Salyan rayonunun ərazisindən keçən hissəsində müşahidə olunur.
Son iki ayda çayda suyun səviyyəsi 2,5 metrdən çox aşağı düşüb. Belə bir vəziyyətdə filtrasiya sularının Kür çayına axması nəticəsində qaya uçqunları baş verir. Xüsusilə sərt döngələrdə məsafə azaldıqca, mühafizə bəndləri üçün ciddi təhlükə yaranır.
Qaya uçqunlarının qarşısını almaq və bəndlərdə yaranmış mövcud təhlükəni aradan qaldırmaq üçün rayonun Aşağı və Yuxarı Noxudlu kəndlərinin ərazisində daş betonlarla sahilbərkitmə işlərinə başlanılıb. On gündən artıqdır ki, başlanan bu işlərə müxtəlif təyinatlı texnikalar cəlb edilib. Qısa müddətdə 280 paqonometr məsafədə daş betonla sahilbərkitmə işləri aparılıb.
Bu il Kür çayı boyunca 1519 paqonometr məsafədə daş betonla sahilbərkitmə işlərinin aparılması nəzərdə tutulub. Bu isə Salyan da daxil olmaqla, Neftçala, Sabirabad və Zərdab rayonlarındakı ən təhlükəli əraziləri əhatə edəcək.