Azərbaycanda mədəniyyət və istirahət parklarının sayı artsa da, bu məkanlarda təşkil olunan mədəni-kütləvi, idman-sağlamlıq tədbirlərinin sayı azalıb.
Oxu.Az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin hesabatında yer alıb.
Məlumatda göstərilir ki, ölkədə mədəniyyət və istirahət parklarının sayı 2023-cü ildə 436, 2024-cü ildə 439 olduğu halda, 2025-ci ilin sonunda bu rəqəm 443-ə çatıb.

"Ölkədəki parkların sayı isə 2005-ci ildə 326 olub. Qeyd olunur ki, statistikaya əsasən 20 il ərzində parkların sayı 117 vahid artıb.
Bunun paralelində isə parklarda təşkil olunan mədəni-kütləvi, idman-sağlamlıq tədbirlərinin sayı azalıb. Belə ki, 2005-ci ildə bu göstərici 4 253 olduğu halda, 2025-ci ildə 1 225 təşkil edib. Uşaqlar üçün keçirilən tədbirlərin sayı isə müvafiq dövrlərdə 2 060-dan 443-ə düşüb.
Əyləncə imkanlarına gəlincə isə 2025-ci ilin sonuna parklarda 254 mexanikləşdirilmiş attraksion qeydə alınıb. 2024-cü ildə onların sayı 258 olub.
Eyni zamanda, oyun avtomatları və kompüter oyunlarının sayında da artım müşahidə olunub. 2023-cü ildə 217 olan bu göstərici 2024-cü ildə 219-a, 2025-ci ildə isə 283-ə yüksəlib.
Beləliklə, son illərdə ölkədə mədəniyyət və istirahət parklarının ümumi sayı artmaqda davam etsə də, parklarda keçirilən tədbirlərin sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb", - deyə hesabatda qeyd olunub.