Özünü guya sabiq məmurun oğlunun həyat yoldaşı kimi tanıdan (əslində, hər hansı rəsmi nikah münasibəti olmayıb - red.) Fidan Loğman qızı Abbasovanın narkotik vasitədən istifadəsi ilə bağlı məsələ yenidən gündəmə gəlib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, F.Abbasovadan götürülmüş bioloji nümunənin müayinəsi zamanı THC (+) aşkarlanıb. Respublika Narkoloji Mərkəzinin müvafiq rəyində də bu fakt öz əksini tapıb. Eyni zamanda, onun narkomaniya xəstəliyindən əziyyət çəkmədiyi və məcburi müalicəyə ehtiyacının olmadığı, lakin ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasının məqsədəuyğun olduğu göstərilib.
Məsələ ilə bağlı aparılan məhkəmə araşdırması nəticəsində F.Abbasovanın İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmiş hesab olunub. Birinci instansiyanın qərarı sonradan apellyasiya instansiyası tərəfindən də qüvvədə saxlanılıb.
Diqqətçəkən məqam isə bundan sonrakı proseslə bağlıdır.
Belə ki, F.Abbasovanın ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasının məqsədəuyğun olduğu göstərilsə də, bu prosedurun faktiki olaraq həyata keçirilib-keçirilmədiyi barədə açıq məlumat yoxdur.
Bu halda sual yaranır: Fidan Abbasova narkoloji dispanserdə profilaktik qeydiyyata alınıbmı?
Əgər alınmayıbsa, bunun səbəbi nədir? Müvafiq prosedurun həyata keçirilməsinə hansı qurum cavabdehdir və məsələ ilə bağlı indiyədək hansı tədbirlər görülüb?
Oxu.Az məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlayıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.