Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Məktəblərdə 17 gün tətil olacaq: Bəs arada "itən" dərsləri necə keçəcəklər?
Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib. Sözügedən qərarla ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq.
Orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayacaq və tam 17 gün - 25 noyabra qədər davam edəcək.
Maraqlıdır, tətilə görə əlavə edilən altı günün dərsləri necə kompensasiya ediləcək? Bu məsələnin imtahanlara təsiri necə olacaq?
Təhsil eksperti Qoşqar Məhərrəmov Oxu.Az-a açıqlamasında mövzu ilə bağlı düşüncələrini bölüşüb.
O bildirib ki, uzunmüddətli tətil təhsil prosesinin gedişatına mənfi təsir edir:
"Təhsil nazirinin özü də müxtəlif tədbirlərdə bu məsələdən danışaraq bildirib ki, Azərbaycan şagirdi çox istirahət edir. Mövcud situasiyanı anlamaq olar, fövqəladə bir durumdur. Ölkədə dünyasəviyyəli bir tədbir - COP29 - keçiriləcək.
Amma məktəblər dərsləri kompensasiya etmək üçün həm tətildən əvvəl, həm də sonra müəyyən qədər əziyyət çəkməlidirlər. Bəzi şagirdlər tətillər sayəsində məktəb təhsilinə ciddi yanaşmırlar. Bu təhsil sosiallaşmaq, ictimai mühit, dostlar qazanmaq və sair kimi funksiya daşıyır. Şagirdlər daha ciddi hədəflərə çatmaq istəyirlərsə, müxtəlif təhsil formaları ilə özlərini yetişdirməlidirlər".
Ekspert əlavə edib ki, məktəblərdə şagirdlərə tətildən əvvəl tapşırıqlar verilməlidir:
"Həmin tapşırıqlar mütləq test formasında olmalı deyil, yaradıcı istiqamətdə də nələrsə tələb etmək olar. Şagirdlərin tətili səmərəli keçirmələri üçün onları təhsillə məşğul edəcək müəyyən fəaliyyətlər, tədqiqat işləri, təqdimatlarla bağlı tapşırıqlar verilməlidir. Tətildən qayıdandan sonra şagirdlərin adaptasiya mərhələsi bir həftə olur. Müəllimlər bu müddəti də nəzərə almalıdırlar. Burada kiçik summativ qiymətləndirmə (KSQ) və böyük summativ qiymətləndirmənin (BSQ) tarixləri dəyişəcək, məktəb o tarixə görə işlərini nizamlamalıdır. Mən arzu edərdim ki, tətil olmasın, dərslər onlayn keçirilsin.
Fikrimcə, təhsil müddəti qısalırsa, yayda və ya beşgünlük məktəblərdə şənbə günü dərs salmaqla tətil olan günləri kompensasiya etmək olar".
Prosesin necə nizamlanacağını öyrənmək üçün Elm və Təhsil Nazirliyinə ünvanladığımız sorğu belə cavablandırılıb:
"Bu barədə məlumat yaxın zamanlarda ictimaiyyətə açıqlanacaq".
Məhərrəm Əliyev
"Orta məktəb" teqi üzrə xəbərlər
- Təhsildə inqilab: Dərslərin daha yaxşı mənimsənilməsi üçün MEMLƏRİN effektivliyi sübut olundu
- Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı
- Filmlərin çəkildiyi məşhur məktəb niyə baxımsız qalıb?
- Dekabrın 28 və 29-da təhsil müəssisələrində iş günü olacaq? - RƏSMİ AÇIQLAMA
- Bakıda orta məktəbdə müəllim 3-cü sinif şagirdinin ağzını skoçladı - İDDİA
Rəylər